XƏBƏRLƏR
MƏLUMAT
Akademik Zemfira Səfərovanın 85 illiyinə həsr olunan elmi sessiya keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/06/2022 08:25

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli musiqişünas alim, Əməkdar incəsənət və elm xadimi, akademik Zemfira Səfərovanın 85 illiyinə həsr olunan elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. İştirakçılar əvvəlcə foyedə yubilyarın kitablarından ibarət sərgi ilə tanış olublar.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli çıxış edərək görkəmli musiqişünas alimin zəngin yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb. Bildirib ki, müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Zemfira Səfərovanın yaradıcılığına xas olan cəhətdir. Daim yaradıcılıq axtarışında olan görkəmli musiqişünas bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. Zemfira Səfərovanın qədim və orta əsr Azərbaycan musiqisinə əsaslanan tədqiqatları musiqi mədəniyyətimizin tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Alimin yaradıcılığı musiqi elmimiz üçün dəyərli mənbədir.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru Ərtegin Salamzadə və digər çıxış edənlər Azərbaycan sənətşünaslığının, musiqişünaslığının inkişafında Zemfira Səfərovanın elmi əsərlərinin əhəmiyyətindən danışıb, akademiki 85 illik yubileyi münasibətilə təbrik ediblər.

Elmi sessiyada “Vətəndaş mövqeli alim Zemfira Səfərova”, “Zemfira Səfərovanın “Azərbaycanın musiqi elmi” monoqrafiyası və onun musiqişünaslıqda rolu”, “Zemfira Səfərovanın yaradıcılığında Qarabağ mövzusu” və “Akademik Zemfira Səfərovanın elmi yaradıcılığı Azərbaycan musiqişünaslığı kontekstində” mövzularında məruzələr dinlənilib.

Baxış sayı: 243