XƏBƏRLƏR
MƏLUMAT
XX yüzilin tanınmış tatar şairi Musa Cəlil
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2021 03:05

Musa Mustafa oğlu Cəlilov (Musa Cəlil) 1906-cı il fevral ayının 15-də Orenburq vilayətinin Şarlık rayonundakı Mostafa kəndində anadan olub. İlk təhsilini mollaxanada alan Musa 1914-1917-ci illərdə Orenburqdakı Hüseyniyyə mədrəsəsində oxuyub.

9 yaşında şeir yazmağa başlayan şairin ilk şeiri 1919-cu ildə "Qızıl yıldız" qəzetində çap olunub. 1919-cu ildə komsomola daxil olub və bolşeviklərlə ağqvardiyaçılar arasında gedən savaşda bolşeviklərin sıralarında döyüşüb. 1922-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə gəlib və qəzetdə işləməyə başlayıb.

1925-ci ildə onun şeirlər toplusu "Biz gedirik" adı altında çap edilib, elə həmin il Orenburq komsomol komitəsinə işə göndərilib.

1927-1931-ci illərdə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil alıb. Moskvada oxuduğu illərdə komsomolun mərkəzi komitəsinin orqanı olan "Kiçik qardaşlar", "Oktyabr balaları" jurnallarına redaktorluq edib. 1929-cu ildə şairin "İptaşka" şeir kitabı çap olunub. 1933-1934-cü illərdə Moskvadakı "Kommunist" qəzetinin ədəbiyyat və incəsənət şöbəsinə rəbərlik edən Musa Cəlilin "Ordenli milyonlar" şeir kitabı çap edilib.

1935-ci ildə o, Moskva Dövlət Universitetində açılan Tatar Opera Studiyasına işə dəvət edilib, studiya 1938-ci ildə Tatarıstana köçürüləndə Musa Cəlil də Kazana gəlib və ədəbi hissə müdiri vəzifəsində işləyib. 1935-1941-ci illərdə yazdığı "Altunsaç", 1940-cı ildə tamamladığı “İldar” librettolarını Tatarıstan Dövlət Opera Balet Teatrına səhnələşdirmək üçün təhvil verib.

Musa Cəlilin şairliyi ilə yanaşı, rəssamlıq qabiliyyəti də olub, musiqi istedadı libretto yazmasında ona çox kömək edib. O, bəzi şeirlərinə xalq mahnılarının üslubunda mahnılar da yazıb.

Musa Cəlil 1939-cu ilin iyulunda Sovetlәr Birliyi Yazıçılar İttifaqının Tatarıstan şöbəsinin katibi seçilib.

1941-ci ilin yayından Musa Cəlil "Otvaqa" (İgidlik) cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyətə başlayıb. Onun tərənnüm etdiyi Sovet Ordusu 1942-ci ildə Voloxov cəbhəsində ağır itki verərək şairi yaralı və hərbi müxbiri də səngərdə qoyub geri çəkilib. Beləcə, Musa Cəlilin əsirlik, ailəsinin və qohumlarının isə işgəncəli həyatı başlayıb.

1944-cü ildə Moabit düşərgəsindəki antifaşist gizli təşkilatın üzvləri Almaniyanın xüsusi xidmət orqanları tərəfindən yaxalanıb, uzun və ağır işgəncəli dindirmələrdən sonra gizli təşkilatın ideoloqu Musa Cəlilin günahkar olduğu sübut edilib, 1944-cü il avqust ayının 25-də Berlin yaxınlığındakı Plyotsenze hərbi həbsxanasında öldürülüb.

1956-cı ildə Musa Cəlilə bəraət verildiyi üçün "vətən xaini" damğası üzərindən götürülüb, əsərlərinin çapına, bədii irsinin tədqiqinə qoyulan qadağalar ləğv edilib, şeirləri dünya dillərinə tərcümə edilərək yayılıb. Musa Cəlilin əsirlikdə bir yerdə olduğu həmyerlisi Qimran Təlqətov 1956-cı ildə onun şeirlər kitabını çap etdirib.

Musa Cəlil 1956-cı ildə "Sovet İttifaqı Qəhrəmanı" adına, Moabit zindanxanasında yazdığı şeirlər əsasında 1957-ci ildə çap olunmuş kitabına görə isə "Lenin" mükafatına layiq görülüb.

Baxış sayı: 600