XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2025 14:32

Mayın 12-dən 19-dək Qazaxıstanın Kostanay şəhərində “MONOFEST” Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, mayın 16-da nümayiş olunacaq “Kontrabas” tamaşasının quruluşçu rejissoru Xalq artisti İrina Perlova, ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü-özünə sədaqətli olmalıdır.

 

Baxış sayı: 26