XƏBƏRLƏR
MƏLUMAT
Sobada tərəvəzli qızılbalıq
ÜMÜMİ XƏBƏRLƏR
29/01/2021 03:30

Somon, salmon, qızılbalıq kimi tanınan bu balıq həm çox ləzzətlidir həm də sağlamlıq üçün çox faydalıdır. Qızılbalıq proteinlə zəngin olmaqla yanaşı, həm də zəngin “Omega-3” yağ turşuları tərkibinə malikdir. Bədənimizdə “Omega-3” yağ turşulurı ifraz olunmadığına görə bu maddəni biz digər ərzaqlardan almalıyıq. Bu baxımdan qızılbalıq çox faydalıdır. Bu balığı müxtəlif formalarda hazırlamaq olar, qızartma, buğlama, sobada, kababını, hətta çiy formada da yeyilir.

Lazım olan ərzaqlar:

500 qr qızılbalıq filesi

2 pomidor

1 soğan

1 bibər

keşniş, şüyüd – hərəsindən 1 dəstə

quru nanə 1 ç.q.

duz

istiot

limon

kərə yağı 50 qr

Hazırlanması:

Soba qabına aliminium folqa kağızı sərin. Nazik kəsilmiş kərə yağını folqa kağızının üzərindən düzün. Üzərinə xırda doğranmış soğanı tökün. Balığı dərisindən təmizləyib, yuyub nazik hissələrə doğrayın və duz, istiot vurub soğanın üzərindən düzün. Balığın üzərindən xırda doğranmış göyərtiləri səpin, bibər və limonu (5-6 dilim) nazik halqa və ya yarımhalqa şəklində doğrayıb düzün. Ən üstə halqavari doğranmış pomidoru düzüb üzərindən quru nanə səpin. Folqa kağızını bağlayıb bir neçə yerdən çəngəl ilə deliklər açın. Sobada 180 dərəcədə 50 dəqiqə bişirin. Çox ləzzətli, yüngül və sağlamlıq üçün faydalı bir yeməkdir.

Nuş olsun!

Baxış sayı: 640