XƏBƏRLƏR
MƏLUMAT
Samir Səmədovun beynəlxalq səviyyədə uğurları
ÜMÜMİ XƏBƏRLƏR
14/09/2023 00:38

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədov Beynəlxalq Xoreoqrafiya Akademiyasının fəxri akademiki və fəxri professoru titullarına layiq görülüb.

Samir Səmədov Bakı tamaşaçısının həmişə coşqu ilə qarşıladığı balet səhnələrinin tanınmış ustasıdır. Onun partiyaları təkrarolunmaz ifa tərzi ilə fərqlənir. Pyotr Çaykovskinin “Qu quşu gölü” baletindən Rotbartın partiyası isə onun özünəməxsus vizit kartı sayıla bilər və artıq tamaşaçı tərəfindən kanonik olaraq qəbul edilir.

Teatrımızın ən parlaq müasir rəqqaslarından birinin beynəlxalq səviyyədə uğurları təkcə onun balet sənətinə töhfəsinə verilən qiymət deyil, həm də Azərbaycan baletinin dünya mədəniyyətinin ayrılmaz hissəsi kimi qəbul olunmasının təzahürüdür.

Samir Səmədov bununla bağlı deyir: “Hər şeydən əvvəl, Beynəlxalq Xoreoqrafiya Akademiyası tərəfindən mənə verilən yüksək elmi dərəcələr Azərbaycan baletinin təbliği istiqamətində göstərdiyim səylər baxımından əhəmiyyətlidir. Azərbaycanın və Rusiyanın Əməkdar artisti Vitali Axundova səmimi təşəkkürümü bildirirəm. O, uzun illərdir ki, milli baletimizi dünyada təbliğ edir. Fəxr edirəm ki, mənim ideyalarım, səylərim, çoxillik səhnə fəaliyyətim – ümumilikdə, həyatımı həsr etdiyim hər şey beynəlxalq səviyyədə tanınıb”.

Samir Səmədov Əşrəf Abbasovun “Qaraca qız” və Aleksandr Borodonin “Polovetski rəqsləri” baletlərinin quruluşçu xoreoqrafı kimi də tanınır. O, həmçinin 2018-ci ildə öz pedaqoqunun xatirəsinə sadiq qalaraq, “Leyla Vəkilova: Qanadlı xatirələr” sənədli filmini çəkib. Bu ekran əsəri Azərbaycanın ən görkəmli balerinalarından biri, pedaqoq və professor, SSRİ Xalq artisti Leyla Vəkilovanın 90 illiyinə həsr olunub.

2023-cü ilin martında Samir Səmədov ilk peşəkar azərbaycanlı balerina Qəmər Almaszadənin anadan olması münasibətilə “Primanın irsi” film-konsert sənədli filmini çəkib. O, həmçinin Azərbaycan baletinin məşhur artistləri – Çimnaz Babayeva və Vladimir Pletnyov ailə cütlüyü haqqında “Əbədi duet” ekran əsərini lentə alıb.

Samir Səmədov planları haqqında danışmaq istəmir. Lakin əminliklə bildirir ki, heç vaxt hansısa titulların qazanılmasına can atmayıb. Beynəlxalq Xoreoqrafiya Akademiyasının titulları və diplomları da onun üçün gözlənilməz olub. Onun yeganə arzusu gələcəkdə də Azərbaycan balet sənətini yaşatmaq, mədəni irsimizi təbliğ etməkdir.

Baxış sayı: 115