XƏBƏRLƏR
MƏLUMAT
Ruhu rənglər dünyasında yaşayan rəssam Oqtay Sadıqzadə
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2021 02:47

Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri-yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935-1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.

1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib.

Təhsilini başa vurduqdan sonra Bakıda “Azərnəşr” nəşriyyatında bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.

Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnib.

Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.

Oqtay Sadıqzadənin 2000-ci ildə işlədiyi akademik Zərifə xanım Əliyevanın portretində kompozisiya və kolorit son dərəcə bütöv və yığcamdır. Həmsöhbətinə diqqətlə baxan, təbii və sərbəst vəziyyətdə durmuş bu qadının ağlının gücü, sifətindən nur yağan, səmimiyyətlə gülümsəyən parlaq baxışlı zərif siması bunu deməyə əsas verir ki, bu portret Oqtay Sadıqzadənin yaradıcılığında ən canlı əsərlərdən biridir.

Oqtay Sadıqzadə H.Cavidin ev muzeyi üçün H.Cavidin, arvadı Müşkinaz xanımın portretləri, “1937-ci il repressiyasının qurbanları” adlı tablo, həmçinin “Hüseyn Cavidin aləmi” triptixini yaradıb. Bu əsərlər hazırda dahi dramaturqun ev muzeyinin girişini bəzəyir.

Rəssam bu triptixə, əsərlərinə dərindən bələd olduğu və qiymətləndirdiyi Hüseyn Cavidə, onun yaradıcılığının yüksək romantizminə və simvolik mənasına məhəbbətini ifadə edən ruh yüksəkliyi ilə yanaşmış, necə deyərlər, bu böyük işə canını qoyub.

Təxminən həmin vaxtlarda O.Sadıqzadə “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri üçün material toplamağa başlayır. Oqtay Sadıqzadə xeyli fikirləşəndən sonra beş böyük tablo işləmək qərarına gəlir. Bu monumental əsərlərdə Antik və İntibah dövrlərindən başlamış XX əsrə qədərki dahi filosofların, musiqiçilərin, şairlərin, rəssamların 43 fiquru Nizamini əhatə edir. Nizaminin, onun çoxsaylı azərbaycanlı, şərqli, avropalı xələflərinin və sələflərinin gözəl obrazlarında humanizm ideyalarının varisliyi, bəşəri mədəniyyətin vəhdəti, həmçinin Nizaminin əsərlərinin dahiliyi və ölməzliyi, bu əsərlərin Şərqin və Qərbin qabaqcıl mütəfəkkirlərinə böyük təsiri və onun keçmişin nailiyyətlərinə hörmətlə yanaşması verilib. Bu çox mürəkkəb və məsuliyyətli işə Oqtay Sadıqzadə 6 ildən çox vaxt sərf edib və nəhayət,1999-cu ildə əsərlərin təqdimatı olub.

Ekspozisiyanın mərkəzindəki iri tablo silsilənin adını daşıyır: “Nizami Gəncəvi və dünya mədəniyyəti”. Onun yanındakılar “Antik filosoflar”, “Nizaminin sələfləri”, “Nizaminin xələfləri”və “Nizami və Avropa mədəniyyəti” adlanır.

“Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi Oqtay Sadıqzadə yaradıcılığının ən yüksək nailiyyətlərindən biridir. Bunu humanizmə, gözəlliyə, ümumbəşəri mədəniyyətə himn adlandırmaq olar.

Oqtay Sadıqzadənin Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, fəxri fərmanlar və mükafatlarla təltif edilib. O, 1977-ci ildə Azərbaycan “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə “Xalq rəssamı” adına layiq görülüb. 1999-cu ildə “Şöhrət” və 2011-ci ildə “Şərəf” ordeni ilə təltif edib.

2000-ci ildə Oqtay Sadıqzadə Azərbaycan Rəssamlıq Akademiyasında müəllimlik fəaliyyətinə başlayıb.

2011-ci ildə Milli İncəsənət Muzeyində sənətkarın 90 illik yubileyi ilə əlaqədar təşkil olunan sərgi akademik sənət sevənlər üçün, sözün əsl mənasında, bir hədiyyə olub. Bu sərgi rəssamın yaradıcılığının panoramasını, onun həm rəngkarlıq, həm də qrafika sahəsində maraq və nailliyyətlərinin çox əlamətdar bir tamlığını nümayiş etdirib. Sərgidə müxtəlif muzey və fondlardan toplanmış 45 əsər sərgilənib. Rəssamın etirafına görə bu sərginin açılışı günü onun həyatında ən həyəcanlı, xoşbəxt günlərdən biri olmuş, sənətkar üçün yeni yaradıcılıq axtarışlarına xidmət edən qüvvətli amilə çevrilib.

Sənətkarın əsərləri ölkə muzeylərində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib.

Baxış sayı: 1379