XƏBƏRLƏR
MƏLUMAT
“İki Qəlbin Avazında” – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2025 09:19

Noyabrın 5-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Zəfər Gününə həsr olunmuş “İki Qəlbin Avazında” adlı solo konsert proqramı təqdim olunub. Konsert Xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədovanın iştirakı ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xalq artistləri Azərbaycan xalq mahnıları, muğam və bəstəkar əsərlərinin seçilmiş nümunələrini ifa edərək tamaşaçılara emosional, yüksək bədii zövqlə zəngin musiqi axşamı yaşadıblar. Konsert proqramında səslənən vətənpərvərlik ruhlu mahnılar xalqımızın birliyini, qalibiyyət və azadlıq ruhunu bədii şəkildə əks etdirib.

İfaçıları səhnədə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib. Ansamblın rəhbəri Mirxalid Salayevdir.

“İki Qəlbin Avazında” konserti Zəfər Gününün mənəvi-emosional ovqatını, xalqımızın qalib ruhunu və milli qürur hissini musiqinin dili ilə tamaşaçılara çatdıran yadda qalan sənət hadisəsinə çevrilib.

Baxış sayı: 25