XƏBƏRLƏR
MƏLUMAT
F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2019 03:44

Sentyabrın 16-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində birincilərlə təntənəli görüş keçirilib.

Tədbir Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr edilib.

Qonaq qismində O.Zülfüqarovun oğlu, Əməkdar incəsənət xadimi, istedadlı bəstəkar Cahangir Zülfüqarov və nəticəsi dəvət olunub.

İlk olaraq məktəbin  direktoru, professor bəstəkar Adilə Yusifova  birinciləri “Bilik” günü münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb və musiqinin sirlərini öyrənmək üçün tövsiyələr verib. O Zülfüqarovun bir bəstəkar kimi gənc nəslin estetik tərbiyəsində əhəmiyyətli rolunu uğurlayaraq, birincilərlə ilk görüşü məhz O.Zülfüqarovun musiqisi ilə tanışlıq əsnasında tərtib olunduğunu bildirib.

Sonra məktəbin kiçik xoru və aşağı sinif şagirdlərinin ifasında uşaq pyesləri təqdim olunub.

Qonaqlar tədbir zamanı O.Zülfüqarovun həyat və yaradıcılıq yolundan bəhs edən maraqlı məlumatlarla, bəstəkar haqqında çəkilmiş kiçik video-materiallarla tanış olublar. Həmçinin məktəbin müəllimlərinin ifasında bəstəkarın fortepiano prelüdləri səslənib.

Sonda birincilərin təqdimetmə mərasimi keçirilib, uşaqlara heykəltaraş müəllim B.Ağayevin hazırladığı hədiyyələr verilib. Ənənəvi olaraq ikincilər birinci sinfə gələn dostlarına “Musiqi açarını” təhvil veriblər və ilk zəng çalınıb.

 

                                                   

 

Baxış sayı: 86311