XƏBƏRLƏR
MƏLUMAT
Dünya məndən gəlib keçir deyən şair, publisist Eldar Nəsibli Sibirel
ÜMÜMİ XƏBƏRLƏR
11/10/2021 01:10

Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıdıb və orta təhsili orada alıb. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Eldar Nəsibli 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeiri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir.

Şairin şeirləri bir çox dillərə tərcümə edilib. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir. Həmin şeirlər M.Həmzəyev tərəfindən Litvada çap olunub.

Postsovet məkanında E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini Azərbaycan dilinə çevirib.

Xalq şairlərindən Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər. Bir cox şeirinə musiqi bəstələnib.

Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olub.

Baxış sayı: 179