XƏBƏRLƏR
MƏLUMAT
“Kontrabas” festivaldan mükafatlarla qayıdıb
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2025 10:33

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Qazaxıstanın Kostanay şəhərində keçirilən “MONOFEST” teatr festivalında iştirak edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Kontrabas” tamaşası bədii konsepsiya və parlaq ifa harmoniyasına və tamaşaçı rəğbətinə görə mükafatlara layiq görülüb.

Qeyd edək ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti İrina Perlova, ifaçı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan əvvəlcə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Baxış sayı: 24