XƏBƏRLƏR
MƏLUMAT
Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2025 11:50

Bəstəkar Nigar Süleymanın rejissor Rüstəm Sadıqlının “Zümrüd quşu” bədii filmi üçün yazdığı saundtrek İngiltərədə keçirilmiş nüfuzlu “Erik Sati” adına Beynəlxalq Musiqi Müsabiqəsində “Qızıl mükafat”a (Golden Award) layiq görülüb. Mükafatın təqdim edildiyi iştirakçılar arasında Çin, ABŞ və digər ölkələrdən olan tanınmış bəstəkarlar da yer alıb ki, bu da əsərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, filmin kulminasiya nöqtəsində baş qəhrəman bir tablo qarşısında dayanaraq transformasiyaya uğrayır və Zümrüd quşuna çevrilir. Məhz bu təsirli məqamda Nigar Süleymanın musiqisi səslənir və səhnənin emosional gücünü daha da artırır. Saundtrek, yalnız vizual obrazın deyil, həm də daxili dəyişimin musiqi dili ilə ifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Zümrüd quşu mifoloji və fəlsəfi mənbələrdə yenilənmə, mənəvi yüksəliş, saflıq, xeyirxahlıq və müdriklik simvolu kimi qəbul olunur. Filmdə baş obraz musiqinin müşayiəti ilə keçmişin ağrı və iztirablarını geridə qoyaraq, mənəvi rahatlıq və saflıqla əhatələnir və sakitlik halına daxil olur. Musiqi burada sadəcə səslər toplusu deyil, ideya və emosiyanın daşıyıcısı kimi çıxış edir.

Qeyd edək ki, Nigar Süleyman musiqi təhsilinə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində başlayıb. O, tanınmış bəstəkar Pikə Axundovanın sinfində təhsil alaraq bu təhsil müəssisəni bəstəkarlıq ixtisası üzrə bitirib. Daha sonra, 2023-cü ildə o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq üzrə professor Ceyhun Allahverdiyevin rəhbərliyi altında uğurla tamamlayıb.

Bəstəkar peşəkar inkişafı çərçivəsində müxtəlif beynəlxalq ustad dərslərində, seminar və simpoziumlarda iştirak edib, həmçinin bir sıra beynəlxalq musiqi festivalları və müsabiqələrin fəal iştirakçısı olub. Onun yaradıcılığı həm klassik ənənəyə bağlılıq, həm də müasir musiqi axtarışlarının sintezi ilə seçilir.

Baxış sayı: 27