XƏBƏRLƏR
MƏLUMAT
Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvai
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2022 00:42

Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində - məşhur Teymuroğullarına mənsub aristokrat bir ailədə doğulub. Anasının ulu babasının nəslindən olan Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyüyüb təhsil alır və sonralar Teymurilər dövlətinin hökmdarı olan həmin dostu onu özünə köməkçi təyin edir. Nəvainin yaxşı bir dövlət xadimi olduğunu görən hökmdar ona möhürdarlıq, divanbəyliyi və “əmir” rütbəsi verir. Dövrünün tanınmış alim və şairlərindən biri olan H.Bayqara ilə Ə.Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirirlər. 

Tək elə elm-sənətdə deyil, ölkənin mədəniyyəti və maddi-texniki inkişafında da böyük xidmətləri olan Nəvai öz çağının istedadlı sənətkarlarının xüsusi təşviq və himayəsi məsələlərinə diqqət yetirir. Ən əsas xidməti isə "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olub və bu baxımdan misilsizdir.

Əlişir Nəvai ərəbcə və farscanı ana dili kimi bilir,öz dövründə bu dillərdə ən gözəl əsərləri yaza biləcək qədər incəliklərinə vaqif idi. Əsrlərə örnək olacaq əsərləriylə bunu sübuta yetirib. Ancaq o dövrün dəbinə uyaraq ərəb dilində və xüsusilə fars dilində yazan Türk şairlərinə qarşı çıxır, Türk dilinin əcnəbi dillərin kölgəsində qalmasına qarşı üsyan edirdi. Nəvai Türk dilinin bir məcazlar, cinaslar, qafiyələr və feillər dili olduğunu, səs və məna incəlikləriylə çatdırılan qüdrətli ifadə imkanlarının fars dilindən üstün olduğunu bilir, bunu sübut etmək istəyirdi. Ona görə milli və yüksək bir ədəbiyyat, ancaq milli şüur və milli zövqün inkişaf etdirildiyi bir dildə yaradılırdı."Mühakəmət-ül-Lüğəteyn" adlı əsərini bu məqsədlə meydana gətirib. Amma onun Türkcə anlayışı fanatik bir pantürkçülük deyildi. Ortaq bir İslam mədəniyyətinə sahib olan millətlərin bir-birindən söz almaları təbii idi və başqa cür ola bilməzdi.O da lazım bildiyi və çox işlənən sözləri alıb, amma bunları Türk dilinin kök sözləri kimi işlədib. O, ədəbi əsərlərin doğrudan doğruya farsca yazılmasına qarşı çıxır, şairləri, ədibləri Türk dilinin on səkkiz min aləmdən daha yüksək göylər, ucalıqlar, fəzilətlər, incəliklər xəzinəsinə dəvət edib. Türklərlə əcəmlər eyni həyat şəraitində, eyni mühitdə və Türk hakimiyyəti altında yaşadıqları halda, böyüklü-kiçikli, bilikli-biliksiz hər Türkün fars dilində öyrənə bilməsi, ancaq farsların (əcəmlərin) Türk dilində öyrənməmələri, bu dildə yazmamaları Türkün əcəmdən daha üstün, ağıllı yaradıldığını göstərir. Əlişir Nəvai qarşılaşdırmasında fars dilində olan bütün anlayışların Türk dilində də olduğunu, ancaq Türk dilindəki çox gözəl, dərin mənalı anlayışların əcəm dilində olmadığını, Türkcədəki incə fellərin əcəmcədə (farscada) qarşılıqsız olduğunu söyləyir və buna yüzlərcə nümunə gətirir. Feillərdə olduğu kimi, başqa sözlərdə də Türk dilinin farscaya görə zəngin anlayışlarla dolu olduğunu söyləyir, çoxlu misal gətirir.

Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazıb. Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır. Bu əsərlərin hamısı məşhurdur, amma ən məşhurları "Mühakəmət-ül Lüğəteyn", "Məcalisün-Nəfais" adlı əsərləriylə, beş məsnəvidən ibarət olan "Xəmsə"si və bütün şeirlərini topladığı "Divan"lardır. "Mühakəmət-ül Lüğəteyn" adlı əsərində Türk və fars dillərini qarşılaşdırır. Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır, sübuta yetirir. "Məcalisün-Nəfais" şairlər və ədiblər təzkirəsidir. Başqa cür desək, bir ədəbiyyat tarixidir və 15 əsrdə Türküstan və İranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir. "Xəmsə"sində "Fərhad və Şirin","Leyli və Məcnun" kimi mənzum romanları,Makedoniyalı İskəndərin həyatından bəhs edən "Səddi-İskəndəri", Sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən "Səbəy-Səyyarə" adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir. Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şeirləri toplanıb. Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar, müfrədlərdən ibarət bu şeirlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.

Əlişir Nəvainin şeirləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunub, çox məşhur Türk şairləri onu örnək bilib, ona təriflər yazıb. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində də Nəvai elmi, dini, sənəti, Türkçülüyü və təsirləri ilə yer tutur.

Baxış sayı: 1287