XƏBƏRLƏR
MƏLUMAT
Dahi bəstəkar və dramaturq, musiqişünas-alim, pedaqoq Üzeyir Hacıbəyli haqda maraqlı faktlar
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2020 08:32

Azərbaycanlı bəstəkar, musiqişünas- alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi hesab edilən Azərbaycan SSR Xalq artisti, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, “Lenin” və "Qırmızı əmək bayrağı" ordenli, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru Üzeyir bəy haqqında maraqlı məlumatları təqdim edirik:

1. Üzeyir Hacıbəyli Azərbaycan tarixində ilk bəstəkardır və müsəlman Şərqində ilk operanın banisidir.

2. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, daha sonra isə SSRİ Ali Sovetinin deputatı olub.

3. Nazirlər Kabinetinin 7 may 2009-cu il tarixli qərarı ilə Üzeyir Hacıbəyli əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

4. Görkəmli dirijor və bəstəkar Maestro Niyazini repressiyadan Üzeyir bəy qoruyub.

5. Üzeyir bəy milliyyətcə tatar Məleykə Terequlova ilə ailə qurub, lakin övladı olmayıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin övlad sahibi olmaq üçün başqa qadınla evlənməsini təklif edib. Amma Üzeyir bəy bunu qəbul etməyib.

6. Ü. Hacıbəyli görkəmli bəstəkar Müslüm Maqomayevlə bacanaq, Əfrasiyab Bədəlbəylinin atasının xalası oğlu, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovla qardaş, yazıçı, salnaməçi, jurnalist Ceyhun Hacıbəyli ilə qardaş, Niyazinin əmisi olub.

7. Repressiya dövründə Üzeyir Hacıbəyli adı güllələnəcək adamlar siyahısına salınıb, lakin sonradan çıxarılıb.

8. Üzeyir bəyin ömrünün son illərində yazdığı “Firuzə” operası yarımçıq qalıb.

9. Bəstəkar milli musiqi müsabiqəsində münsif olanda ermənilər yuxarı dairələrə məktub yazaraq, Üzeyir bəyin millətçilik etdiyini iddia edirlər. Bu hadisələr Üzeyir bəyə çox pis təsir edir və o, şəkər xəstəliyinə tutulur.

10. Dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pəhriz təyin edib. Bunun nəticəsində Ü.Hacıbəyli bir ay ərzində 18 kq arıqlayıb, orqanizmi zəifləyib və ürək tutmaları başlayıb.

11. SSRİ lideri Stalin “Koroğlu” operasına görə Üzeyir Hacıbəylini “QAZ M-1” markalı avtomobillə mükafatlandırıb.

12. Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini — Azərbaycan Dövlət Türk Musiqi Məktəbini  təşkil edib.

13. O, 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının, 1945-ci ildə isə Azərbaycan SSR-nin himnini bəstələyib.

14. Kəsərli qələm sahibi hesab edilən Üzeyir bəy yazılarında bir çox məzəli imzalardan istifadə edib:  “Bir nəfər”, “Musiqiçi”, “Kəs”, “Filankəs”, “Bəhmənkəs”, “Bikəs”, “Lal uşaq”, “Bala uşaq”, “Gendən baxan”, “Beş”, “Qaf”, “Tısbağa”, “Qatilov”, “Cin”, “Xoca Lələ”, “Bızbıza”, “Çoban”, “Əqrəb”, “Anaş Qurbağa”, “Adı bəy, özü Filankəs” və s.

 

 

 

Baxış sayı: 1068