XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Hikmət Əhməd oğlu Əbdülhəlimovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
17/07/2019 08:36

Hikmət  Əhməd oğlu Əbdülhəlimov 1939-cu il iyulun 17-də Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1956-1958-ci illərdə 3 saylı baramaçılıq və ipəkçilik fabrikində fəhləlik edib.1962-ci ildə İpək kombinatının istehsalatında fəhlə, Kombinat komsomol komitəsinin katibi işləyib. 1965-ci ildə Bakı Ali Partiya Məktəbinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirərək partiya və komsomol işində məsul vəzifələrdə çalışıb.

Şəki şəhər mədəniyyət şöbəsinə başçılıq edib, Şəki şəhər İcra Hakimiyyəti aparatında şöbə müdiri olub.Bakı Telefon Rabitəsi İstehsalat Birliyində kadrlar şöbəsinin müdiri işləyib. Rəsmi işdən başqa böyük həvəslə və 40 ildən artıq müddətdə xalqımızın mədəni sərvətini - folklor nümunələrini zərrə-zərrə toplayıb. “Şəkinin gülüş çələngi”, “Saa quzu kəsərəm”, “Şəki lətifələri” kitablarını ərsəyə gətirib.

 Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Azərbaycan folklor antologiyası”nın IV kitabının, “Şəki folkloru”nun I cildinin tərtibçilərindən biri, “Azərbaycan folkloru antologiyası”nın VI-XIII kitablarının, “Şəki folkloru”nun II və III cildlərinin toplayanı, tərtibçisi, qeyd və şərhlərin müəllifi olub. “Ünsiyyət körpüsü”, “Qəhrəman ana, qayğıkeş qadın”, “Əbədiyyətə qovuşan insan” kitabları da onun tərtibatında və ön sözü ilə işıq üzü görüb. Toplamış olduğu folklor nümunələri “Ulduz” jurnalında, “Ədəbiyyat qəzeti”ndə, müxtəlif mətbuat orqanlarında dərc edilib.

 Layiqli xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordeni və bir neçə medallarla təltif olunub. 2003-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Yaddaş” mükafatına layiq görülüb. 2011-ci il dekabr ayının 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əbdülhəlimov Hikmət Əhməd oğlu “Şöhrət” ordeni ilə təltif olunub.

Baxış sayı: 89588