XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Möhbəddin Səmədin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
25/01/2023 00:51

Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olub. Möhbəddin Səməd burada orta məktəbi bitirib. Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlayıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

"Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olub. Möhbəddin Səməd Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Publisistika şöbəsinin müdiri, radioda Musiqi şöbəsinin müdiri işləyib.

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərib. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunub. Öz yaradıcılığında sənədli hekayələrə üstünlük verib. Məqalə, esse və portret oçerkləri dövri mətbuatda müntəzəm çap olunub. Toğrul Nərimanbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Fikrət Əmirov barədə elmi-kütləvi oçerkləri Yaponiya, Almaniya, Fransa, Türkiyə, Amerika və Lüksemburqda dərc edilib. "Uzaq və yaxın Lütfi Zadə", "Alim", "Körpülü", "Ömür", "Musiqişünas", "Luvr", "Toğrul" çoxseriyalı sənədli filmlərinin ssenari müəllifidir.

Amerikada yaşayan dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadə barədə geniş məlumatı 1980-ci ilin axırlarında Azərbaycan ictimaiyyətinə ilk dəfə o çatdırıb. Böyük alimə həsr olunan 4 seriyalı "Uzaq və yaxın Lütfü Zadə" sənədli filmi (1998) və alimin həyat və yaradıcılığından bəhs edən "Dünya dahilərsiz yaşaya bilmir" kitabı (2000) (Azərbaycan, türk və rus dillərində) onun qələminin məhsuludur.

Yaradıcılıq uğurlarına görə Möhbəddin Səməd Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub. "Qızıl qələm", "H.B.Zərdabi" mükafatlarına layiq görülüb.

Tanınmış jurnalist Möhbəddin Əliyev uzun sürən ağır xəstəlikdən sonra 2017-ci il iyunun 21-də vəfat edib.

Baxış sayı: 217