XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2024 09:25

Mayın 18-də “Baltikdə rus musiqisi” adlı beynəlxalq festival çərçivəsində Y.F.Svetlanov adına Kalininqrad vilayət filarmoniyasında bu mədəniyyət ocağının Kamera orkestrinin konserti olacaq. Orkestrə dirijorluğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimov edəcək.

AZƏRTAC xəbər verir ki, “İki xalqın dahiləri: Çaykovski, Qarayev, Kərimov” adlı konsertin proqramına P.İ.Çaykovski, E.Napravnik, D.Şostakoviç, F.Əmirov, Ü.Hacıbəyli, Q.Qarayev, Ə.Əlizadənin musiqiləri daxil edilib.

Bakı Musiqi Akademiyasının müəllimi Yuliya Kərimova konsertin solisti olacaq. Vokal miniatürünü, Üzeyir Hacıbəylinin “Sənsiz” romansını filarmoniyanın solisti, beynəlxalq müsabiqələr laureatı Ruslan Omirov (tenor) ifa edəcək.

Festivalın təşkilatçısı Kalininqrad vilayət filarmoniyasıdır. Tədbir Kalininqrad vilayətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

 

Fəridə Abdullayeva

AZƏRTACxüsusi müxbiri

Moskva

 

Baxış sayı: 126