XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Xalq artisti Ağaxan Salmanlının 80 yaşı tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2021 01:04

Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. Aktyor kimi ilk addımlarını Suraxanıda fəhlə gənclər dram dərnəyində atan A.Salmanlı 1964-cü ildə Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunu bitirib. Həmin il oktyabr ayının 1-dən Gənc Tamaşaçılar Teatrında peşəkar səhnə fəaliyyətinə başlayıb. İlk rolu Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında hazırlanan tamaşada Cəfər Cabbarlı obrazı olub.

O, teatrda Romeo, Bekingem (“Romeo və Cülyetta”, “III Riçard” V.Şekspir), Dinar (“Yadındamı?” A.Məmmədov), Səməd (“Sən nə üçün yaşayırsan?” İ.Qasımov, H.Seyidbəyli), Kazım, Qulam, Zülfəli (“Məhəbbət bir bəladır”, “Pul dəlisi”, “Açarını itirənlər”Ə.Orucoğlu), Artur (“Ovod”  E.Voyniç), Hacı Murad (“Tamahkar” S.S.Axundov), Kərbəlayi Mirzalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə), Flibert (“Məzəli hadisə” K.Qoldoni), Molla Nəsrəddin (“Molla Nəsrəddin və Əmir Teymurun filləri” Əjdər Ol), Milisoner Səfər (“Buzovna kəndinin əhvalatları” Elçin), Dədə Qorqud (“Şahzadə Xəzərin nağılı” K.Ağabalayev, N.Kazımov) və s. yaddaqalan obrazlar yaradıb.

Ağaxan müəllim həmçinin bir çox animasiya filmlərini səsləndirib. Onların içində “Tülkü həccə gedir” filmində səsləndirdiyi Tülkü obrazı uşaqlarla yanaşı, böyüklərin də hüsn-rəğbətini qazanıb. Görkəmli sənətkar Azərbaycan kino və televiziyasında yaddaqalan obrazları ilə də daim xatırlanır.

Görkəmli sənətkar Ağaxan Salmanlı 29 fevral 2020-ci ildə Bakıda qəflətən vəfat edib. Suraxanı qəbiristanlığında dəfn olunub.

Baxış sayı: 155