XƏBƏRLƏR
MƏLUMAT
ADNA-da baş vermiş terror aktından 12 il keçir
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2021 01:00

Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 12 il keçir. 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz-neft-mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında olan II korpusuna daxil olan şəxs birinci mərtəbədən altıncı mərtəbəyə qədər qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb və 13 nəfər yaralanıb. Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlərdir. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs intihar edib. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub. O, özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə),120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və terrorçuluq ittihamı da irəli sürülüb. İstintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Baxış sayı: 175