XƏBƏRLƏR
MƏLUMAT
15 May – Beynəlxalq Ailə Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2023 00:19

BMT Baş Assambleyası 1993-cü ilin sentyabrında 15 may tarixini 1994-cü ildən etibarən hər il Beynəlxalq Ailə Günü kimi qeyd etməyi qərara alıb. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşməyə çalışır.

Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayıb. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirilir.

Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər görüb. 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.

Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. M.Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.

Baxış sayı: 1353