XƏBƏRLƏR
MƏLUMAT
Xalq yazıçısı Afaq Məsud
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2021 02:05

Afaq Məsud 1957-ci ilin iyunun 3-də Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986-1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru vəzifələrində çalışıb. 1989-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib.

Əsərləri rus, ingilis, fransız, alman, Ukrayna, gürcü, bolqar, fars, ərəb, türk və s. dillərə tərcümə və nəşr edilib.

"Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir.

"Qatarın altına atılan qadın" pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, "Can üstə", "O məni sevir" pyesləri "Yuğ" Dövlət Teatrında səhnəyə qoyulub.

Afaq Məsudun əsərləri əsasında "Sərçələr", "Qonaqlıq". "Gecə", "Cəza", "Dovşanın ölümü" televiziya filmləri çəkilib.

2000-ci ildə Vyana Universitetində A.Məsudun yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan "Avropa şərqşünaslığında qadın yazarlar").

Türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə dəfələrlə TÜRKSOY-un medalı ilə təltif edilib.

2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi "Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin qalibidir.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Afaq Məsud 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təsis olunan medalla mükafatlandırılıb.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.

Baxış sayı: 355