XƏBƏRLƏR
MƏLUMAT
Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2025 16:43

Türkiyədə “Azərbaycan Kinosu Günləri” davam edir.

AZƏRTAC xəbər verir ki, kino günləri Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Kino Agentliyinin dəstəyi ilə ərsəyə gəlib.

Layihəyə əsasən, mayın 15-dək İstanbulun fərqli məqamlarında son illər Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş Azərbaycan filmləri nümayiş etdirilir.

“Azərbaycan Kinosu Günləri” ilə bağlı növbəti tədbir İstanbul Universitetində keçirilib. Burada “Tənha insanın monoloqu” bədii filmi nümayiş etdirilib. Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyevdir.

Ekran əsərinin nümayişindən əvvəl çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlətlərimiz arasındakı yüksəksəviyyəli münasibətlərdən danışıb. Kino günləri haqqında məlumat verən Samir Abbasov Azərbaycan ilə Türkiyə arasında hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin gündən-günə daha da inkişaf etdiyini vurğulayıb, mədəniyyət sahəsində reallaşdırılan layihələri qeyd edib.

Universitetin kommunikasiya fakültəsinin radio-televiziya və kino bölməsinin rəhbəri Onur Akyol Azərbaycanın zəngin mədəniyyətinin daima Türkiyədə maraqla qarşılandığını deyərək iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq bağlarını vurğulayıb.

Kino sənətinin incəsənətin mühüm bir qolu olduğunu vurğulayan bölmə rəhbəri filmin nümayişinin tələbələr üçün əhəmiyyətindən bəhs edib.

Tədbirdə eyni bölmənin dosenti Ümid Sarının “Tənha insanın monoloqu” filmi barədə təhlili dinlənilib.

Sonra filmə baxış keçirilib.

Nümayişin ardından rejissor Emin Əfəndiyev tələbələrin filmlə bağlı suallarını cavablandırıb.

Tədbirin moderatoru İstanbul Universitetinin kommunikasiya fakültəsinin doktorantı Seide Ömer isə bu ali təhsil müəssisəsinin tələbələrinin Azərbaycan filmlərinin elmi məqalə və tezislərində daima təhlil etdiklərini, yeni filmlərimizin gələcəkdə tələbələr tərəfindən elmi araşdırma mövzularına daxil edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri”ndə iştirak məqsədilə ölkəmizdən Mədəniyyət Nazirliyinin sektor müdiri Günay Rəhimova, Kino Agentliyinin kino mədəniyyətinin təbliğatı şöbəsinin aparıcı məsləhətçisi Turan Məmmədli, Film Fondunun arxiv şöbəsinin müdiri Rəşad Qasımov, rejissorlar Elxan Cəfər və Emin Əfəndi, eləcə də aktyorlar Gülzar Qurbanova və Elşən Rüstəmovdan ibarət nümayəndə heyəti Türkiyəyə səfər edib.

Baxış sayı: 27