XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz” rubrikasında Anar Qarayev
ÜMÜMİ XƏBƏRLƏR
04/10/2021 01:23

Anar Çingiz oğlu Qarayev 18 iyun 1998-ci ildə Qax rayonunun Almalı kəndində dünyaya göz açıb. Almalı kənd orta məktəbini bitirən Anar öz biliyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur. Anar Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbəsi olaraq dərslərinə intizamla yanaşıb, tətil günlərində günəmuzd iş tapıb işləyib. Həttao, filialdan Bakıya köçürüləndə belə, valideyn köməyindən istifadə etməyib. Bakıda qardaşı ilə birgə kirayədə qalıb, tətil günlərində də iş tapıb, işləyib. O, özünü isbat etdikcə, məqsəd və amalına yaxınlaşdıqca qürurlanıb. Bir neçə dil bilirdi. Yay ayları Azərbaycana gələn turistlərlə ünsiyyət yaradır, vətənimizin gözəl guşələrini gəzməyə aparardı.

Universiteti fərqlənmə ilə bitirən Anar Qarayev 04 iyul 2020-ciildə həqiqi hərbi xidmətə çağırılır. “N” saylı hərbi hissədə qulluğa başlayan bu vətənpərvər gənc evdən ayrılarkən kövrələn atasına bir söz verir: “Mən elə bir ali mərtəbəyə yüksələcəyəm ki, siz mənimlə fəxr edəcəksiz hər zaman, ata!”. Sanki şəhadətini hiss edirmiş kimi qürurla, fəxrlə ailəsi və qonumları ilə görüşüb gedən Anar vədinə sadiq qalır.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Anar Suqovuşanda gedən savaşda ön cərgələrdə şücaətlə döyüşür. 04 oktyabr tarixində qızğın döyüşlərdə qəhrəmancasına həlak olur. 

Döyüşçü yoldaşı, əslən Qaxın Qum kəndindən olan Turan Quşiyev Anar haqqında xatirəsini bölüşür: “Anar əsgərlik həyatına başladığı gündən hamıya sevdirmişdi özünü. Bilikli olduğu qədər də çox cəsarətli idi. O, qəhrəmanlıqla vuruşurdu. Canavar kimi, cəsarətlə addımını irəli atırdı. Ailənin nəsil davamçısı kimi sıradan bir oğul olmadığını sübut etdi və  daha böyük missiya ilə həyata gəldiyini düşünməyə əsas verdi. Suqovuşanda düşmənin atdığı mərmidən bəzilərimiz yaralandıq, Anar və başqa döyüşçülərimiz şəhid düşdülər. Anar tariximizi yaxşı bilirdi. O, Azərbaycan tarixinin hansı səhifəsindən istəsən diskussiya açır, isbatla, faktlarla şərh verirdi. Cəsarət və fəallığına görə o, batalyon komandirindən təltif də almışdı. O, fədaidir! Vətən uğrunda canından keçdi. Onun əziz xatirəsi hər zaman yaddaşımızda yaşayacaq.”

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Anar Qarayev ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Baxış sayı: 369