XƏBƏRLƏR
MƏLUMAT
“İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2026 09:53

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “İncəsənət müəllimlərinin qış məktəbi” adlı layihə həyata keçiriləcək.

Layihə 12–14 fevral 2026-cı il tarixlərində Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evində təşkil olunacaq. Qış məktəbində ölkənin müxtəlif bölgələrindən olan, attestasiyada uğurlu nəticə göstərmiş 50-dən artıq uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinin müəllimləri iştirak edəcək.

Üç gün davam edəcək proqram çərçivəsində iştirakçılar üçün peşəkar inkişafa yönəlmiş təlimlər, seminarlar və praktiki məşğələlər təşkil ediləcək. Təlimlər müəllimlərin müasir tədris metodları ilə tanış olması, ixtisas biliklərinin artırılması və sahə üzrə təcrübə mübadiləsinin gücləndirilməsini hədəfləyir.

Layihənin əsas məqsədi incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkar potensialının inkişafına dəstək vermək, onların yaradıcılıq imkanlarını genişləndirmək və tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.

Baxış sayı: 19