XƏBƏRLƏR
MƏLUMAT
Sahibkarlıqdan musiqiyə...
ÜMÜMİ XƏBƏRLƏR
15/10/2020 08:29

Onlar qədim Bakının əsrarəngiz İçərişəhərinin sakinləriydilər. Gəlimli-gedimli dünyanın axarında bir-birini əvəz edən övladları var-dövlətli olsalar da, onlara ad-sanı, hörmət-izzəti qazandıran başqa zənginlikləri idi. Mülklərindən, neft quyularından, gəmilərindən, dükanlarından, meyvə və zəfəran bağlarından da çox xeyirxahlıqları ilə dillərə düşmüşdülər.

Xanlıqlar dövründə hakimiyyətin rəhbər vəzifələrində təmsil olunublar. Hətta qohum olduqları Bakı xanı I Mirzə Məhəmməd xan Türkan kəndini Ağa Hacı Kərim bəyə (1694-1768) bağışlayıb. Onun oğlu Ağa Hacı Mansur bəy (1731-1796) bu nəslin ən nüfuzlu, səxavətli nümayəndələrindən biri kimi tanınıb. Elə bu nəslin davamçıları da Ağa Hacı Mansur bəyin xatirəsinə hörmət əlaməti olaraq adını özlərinə soyad götürüblər və Mansurbəyovlar kimi tanınıblar.

Mansurbəyovlar necə Mansurov olublar

Babası və atasının mirasına sahib çıxan Ağa Hüseyn bəy (1767-1829) onların yolunu davam etdirib, əsasən, ticarətlə məşğul olub. O, Türkan kəndinin, Keşlə, Xilə və Abşeronun digər kəndlərində əkinçilik sahələrinin, Mərdəkan və Şüvəlanda meyvə bağlarının, mal-qara sürülərinin, at ilxısının, neft quyularının sahibiydi.

XIX əsrin əvvəllərində şimaldan gələn bəla qədim odlar diyarına yetişib. Çar Rusiyası Azərbaycan xanlıqlarını işğal etməyə başlayıb. 1806-cı ildə imperiya qüvvələri Bakı xanlığının ərazilərini də zəbt edib. Bundan sonra Mansurbəyovların da qara günləri başlayıb. Var-dövlətləri özlərində qalsa da, əksər səlahiyyətləri, bəylikləri əllərindən alınıb. Beləcə, Mansurbəyovlar soyadı Mansurov olub.

Ancaq həddindən artıq zəhmətsevər və bacarıqlı olan bu nəslin övladları çarizmin gətirdiyi ictimai-siyasi gərginliklərdən usanıb geri çəkilməyiblər. Tezliklə Ağa Hacı Mansur bəyin nəvəsi Ağa Salah bəy (1800-1848) nəinki Rusiya, hətta uzaq ölkələrlə ticarət əlaqələri qurub. Onun Bakı, Rusiya və İranın bir çox şəhərlərindəki dükanlarında çeşid-çeşid mallar satılıb. Bu dükanlardan geyim, xəz, inşaat materialları, ağac, metal, məişət əşyaları, zərgərlik məmulatı, parfümeriya, bir sözlə, nə istəsən tapmaq olardı. Tacirlərin çoxundan fərqli olaraq Ağa Salah bəyin öz gəmiləri var idi. Bakıya mallar bu gəmilər vasitəsilə gətirilib.

Bakı şəhərinin fəxri nəsilli vətəndaşı

Ağa Salah bəyin həm də çoxlu evləri, mülkləri və torpaq sahələri var idi. Ata-babaları kimi o da həmişə yoxsullara, imkansızlara əl tutub. İçərişəhərdə köhnə evləri alır, sökdürüb yerində meydanlar salır, küçələri, yolları genişləndirib ki, faytonlar rahat hərəkət etsin. Ağa Salah bəyin bu xeyirxah işləri Bakı şəhər rəhbərliyini belə bir qərar verməyə vadar edib: çarizm səlahiyyətlərini, bəyliyini Mansurbəyovlardan alsa da, 1840-cı ildə Ağa Salah bəyi "Bakı şəhərinin fəxri nəsilli vətəndaşı” adına layiq görüb. Bakı camaatı isə ona sevgisini, rəğbətini İçərişəhərdəki meydanların birinə onun adını verməklə bildirib. Şəhərdə "Ağa Salah meydanı” belə yaranıb.

Zamanın hökmüylə gələnlər gedib. Və gedənlər elə bir ad qoyub ki, gələnlər üzərlərinə böyük məsuliyyət götürməli olublar. Bu, yalnız saysız-hesabsız malı-mülkü idarə etmək demək deyildi. Ağa Salah bəydən sonra onun işlərini boynuna götürən kiçik oğlu Məşədi Məlik-Məmməd bəy (1845-1909), ya da bəzilərinin qısaca söylədiyi Məşədi Məlik bəy də bunu yaxşı bilib.

Bakı və Abşeronda ilk muğam məclisləri...

O, üç yaşında ikən atası Ağa Salah bəy vəfat edib. Tərbiyəsilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul olublar. Yazıb-oxumağı uşaq yaşlarında mədrəsədə öyrənib. Mansurovların sahibkarlıq xüsusiyyətləri ona da keçib. Odur ki, işləri davam etdirməkdə çətinlik çəkmədi. Ancaq Məşədi Məlik bəyi öz cazibəsinə salan bir başqa aləm də vardı... Gənclik illərində böyük qardaşı Məşədi İsmayıl bəylə birlikdə poeziya və musiqiyə maraq göstərib. Məşədi Məlik bəy tarda, kamançada, cürə sazında, qarmonda və dəfdə ifa etməyi öyrənib. On səkkiz yaşından - 1863-cü ildən isə onun İçərişəhərdəki evində muğam məclisləri qurulub. Məşədi Məlik bəy vağzalda və körpülərdə adam qoyur və onlara deyib: "Elə ki, gördünüz bir adam əlində musiqi aləti gəlir, onu mənim evimə gətirin”. Azərbaycanın hər yerindən, Gürcüstandan, İrandan xanəndələr, musiqi ifaçıları gəlir, aylarla Məşədi Məlik bəyin evində qalır, muğam və poeziya məclislərində iştirak edir, burada əsl sənət məktəbi keçiblər. Onun evində səslənən musiqilərin sədası hər yana yayılıb. Qonşuluqda yaşayan molla qəzəblə lənət yağdırıb: "Allah sizə qənim olsun, bu evdə şeytanlar yuva salıb”. Digər qonşular mollaya gülüblər.

Məşədi Məlik bəyin evinə, bağına gələn daimi qonaqları arasında o dövrün məşhur neft maqnatları Robert və Lüdviq Nobel qardaşları, Alfons de Rotşild, Bakının meri Stanislav Despot-Zenoviç, memarlar İosif Qoslavski və İosif Ploşko, mühəndis-polkovnik Nikolay Avqustoviç fon der None, paytaxtın əsilzadələri, zadəganları da vardı.

Məşədi Məlik bəy muğamların şöbə və guşələrini, poeziyanı, xüsusən qəzəlləri gözəl bilib. O, ömrünü Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafına həsr edib. Gənc istedadlara himayədarlıq edib, onların peşəkar kimi formalaşmalarına bacardığı kimi yardım göstərib.

Məşhur tarzən Sadıqcan, kamançaçı Mirzə Səttar, Seyid Mirbabayev, Hacı Hüsü, Mirzə Fərəc, Məşədi İsi, Əli Şirazi, Ağa Kərim Salik, keçəçi oğlu Məmməd, balaxanılı Əli Zühab, şamaxılı Mirzə Məmmədhəsən, şəkili Ələsgər, Ağa Səid oğlu Ağabala, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, İslam Abdullayev və başqaları onun evində qurulan musiqi məclislərində iştirak ediblər. Məşədi Məlik bəy Bakı və Abşeronda ilk muğam məclislərinin yaradıcısı kimi Azərbaycan musiqi mədəniyyəti tarixinin yaddaşında qalıb.

Oğlu Məşədi Süleyman bəy (1872-1955) onun davamçısı olub. Bu dəfə də nəslin varidatını idarə etmək üçün layiqli seçim edilib. Qardaşları, bacısı və həyat yoldaşı öz mülkiyyətinin idarə olunmasını ona görə Məşədi Süleyman bəyə etibar ediblər ki, idarəetmədə səriştəli, savadlı, məlumatlı idi. O, ilk təhsilini mədrəsədə aldıqdan sonra rus-tatar məktəbində oxuyub. Fars və ərəb dillərini mükəmməl bilib, rus dilində sərbəst danışıb, fransız, alman, ingilis və bir az da italyanca söhbətləşməyi bacarıb.

Məşədi Süleyman bəy icarədar və sahibkar idi. Bir sıra neft şirkətlərinə boru kəmərlərinin çəkilişi üçün özünün, ona etibar olunmuş torpaqları icarəyə verib. "Vostoçnoe Tovarihestvo”, "Russkoe Neftyanoye Obşestvo” (RUNO), "Russkoe Tovarihestvo "Neft”, "Obşestvo Born”, Tovarişestvo "Br.Mirzoyevı i K”, Tovarişestvo "Aramazd”, "Russkoe Neftepromışlennoye Obşestvo”, Tovarişestvo "Br.Nobel”, "Vostoçnoe obşestvo Tovarnıx Skladov” və başqa şirkətlərlə müqavilələr bağlayıb.

Məşədi Süleyman bəy atasının yalnız maddi deyil, həm də mənəvi varidatının sahibi olub. İçərişəhərdəki evinin, Şüvəlandakı bağının qapılarını yenə ziyalılar, xanəndələr, musiqiçilər, şairlər açıblar. Yenə muğam məclisləri qurulub. Çünki musiqi Məşədi Süleyman bəyin də ruhuna hopub. O da özünü muğamsız, musiqisiz təsəvvür edə bilməyib. Məşədi Süleyman bəyi həm də mahir tarzən və muğam bilicisi kimi tanıyıblar.

Onun başçılıq etdiyi Bakı muğam məclisləri 1935-ci ilə qədər davam edib.

Bir sevimli məşğuliyyəti də vardı Məşədi Süleyman bəyin. Səyahət etməyi çox sevib. O, on bir dəfə bütün Avropanı, Şərq ölkələrini başdan-başa gəzib dolaşıb. Məşədi Süleyman bəy getdiyi ölkələrin mədəniyyəti ilə maraqlanır, mütləq konsert salonları və teatrlara baş çəkir, kübar məclislərində iştirak edib.

Azərbaycan musiqi sənətinin keşiyində

Əvvəllər maraq göstərdikləri musiqi sovet dövründə Mansurovların peşəkarcasına məşğul olduqları sənət sahəsinə çevrilib. Məşədi Süleyman bəyin kiçik qardaşı Mirzə Mansur bəy (1887-1967) Azərbaycan muğamlarının mahir bilicisi, musiqi nəzəriyyəçisi kimi tanınıb, peşəkar tarzən kimi Sadıqcan məktəbinin ənənələrini davam etdirib. Sovet hakimiyyəti illərində konservatoriyada dərs deyən Mirzə Mansur bəy tələbələrinə böyük sevgi ilə muğamları öyrədib. O, həm də muğam tədrisi proqramının müəlliflərindən biri olub. Mirzə Mansur bəyin ifaçılıq ustalığını, muğamın sirlərini dərindən bilməsini Üzeyir bəy Hacıbəyli çox yüksək dəyərləndirib. 1930-cu illərin gənc bəstəkarları Tofiq Quliyev və Zakir Bağırov Üzeyir bəyin göstərişi ilə "Rast”, "Zabul-segah” və "Dügah” muğamlarını onun ifasında nota köçürüblər. 1940-cı ildə Mirzə Mansur Mansurovun musiqi sahəsində böyük əməyi “Əməkdar incəsənət xadimi” fəxri adı ilə mükafatlandırılıb.

O, həm də yaxşı tar ustası kimi tanınıb. Rekonstruksiya etdiyi 4 tardan biri Ermitaj, biri Luvr, biri də İstanbul muzeylərindədir. Dördüncüsü isə Mirzə Mansur Mansurovun şəxsi tarı idi.

Azərbaycan musiqi mədəniyyəti tarixində bir ad da var - Azərbaycanın Xalq artisti tarzən Bəhram Mansurov (1911-1985). O, Məşədi Süleyman bəyin oğlu idi və digər Mansurovlar kimi İçərişəhərdə dünyaya göz açmış, boya-başa çatıb. Mansurovlar nəslinin musiqi yolunu Bəhram Mansurov zirvəyə apara bilib. Ömrünün 55 ilini Opera və Balet Teatrında tarzən kimi solist-konsertmeyster vəzifəsində çalışıb. UNESCO-nun Azərbaycan muğamları ilə ilk tanışlığı da 1967-ci ildə onun ifasında olub. Sonralar UNESCO Bəhram Mansurovun ifa etdiyi Azərbaycan muğamlarını val, kaset, CD şəklində bütün dünyaya yayıb.

Məşədi Süleyman bəyin digər oğlu - Nadir (1916-1972) və Mirzə Mansurun oğlu Ənvər (1917-1941) də tarzən olublar. Ənvərin oğlu Arif Mansurov (1939-2003) isə respublikada təsərrüfatçı mütəxəssislərdən biri kimi tanınıb, Nazirlər Kabinetinin aparatında çalışıb, Tikinti Materialları Nazirliyi, Ekologiya və Təbiətə Nəzarət Dövlət Komitəsinə rəhbərlik edib. Xeyriyyəçilik əməllərini davam etdirən Arif Mansurovun Bakıya hədiyyəsi şair Əliağa Vahidin Filarmoniya bağında (sonralar İçərişəhərdə) qoyulan heykəli və Mərdəkanda Hacı Zeynalabdin Tağıyevin qəbirüstü abidə kompleksi olub. Onun oğlu Ənvər Mansurovu (1969) Bakının məşhur "Şən və hazırcavablar” komandasının tərkibində MDB çempionu kimi tanıyıblar.

Bəhram Mansurovun övladlarının üçü də - respublikanın Əməkdar artisti, tarzən Elxan Mansurov (1955), Xalq artisti, bəstəkar Eldar Mansurov (1952) və Əməkdar mədəniyyət işçisi Aydın Mansurov (1953-2017) musiqi sənətini seçiblər. Elxan Mansurov Opera və Balet Teatrında tarzən kimi solist-konsertmeyster vəzifəsində çalışıb, gənc xanəndələri muğam operalarında aparıcı partiyaların ifasına hazırlayıb. Aydın Mansurov Asəf Zeynallı adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsini bitirdikdən sonra bir müddət musiqi məktəblərində müəllim işləyib, sonralar kinooperator sənətinə yiyələnib və bu sahədə çalışıb. Xalq artisti, bəstəkar Eldar Mansurov klassik janrda yazılmış bir çox əsərin, kinofilmlərə və teatr tamaşalarına bəstələnmiş musiqinin müəllifidir. O, muğamların tarixi və nəzəriyyəsi haqqında elmi məqalələrlə yanaşı, bir neçə kitabın da müəllifidir.

Bakı əsilzadələrindən olan Mansurovlar öz ömür yolları ilə göstəriblər və göstərməkdədirlər ki, bu millətin nəcib, xeyirxah övladı olmaq üçün yalnız mal-pul gərək deyil. Bu dünyanın var-dövləti etibarsızdır. Faydalı işlərlə könüllərə və hafizələrə yazılanlar isə əbədidir.

Zöhrə FƏRƏCOVA

Azərbaycan.- 2019.- 26 sentyabr.-  S. 6.

Baxış sayı: 1012