XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlar unudulmur” rubrikasında Elyəddin Cəfərov
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2023 00:56

Elyəddin Zöhrab oğlu Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin ərazi dairəsində olan Qaşaltı Qaraqoyunlu kəndində Zöhrab Cəfərovun ailəsində anadan olub. 2001-2012-ci illərdə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbdə təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra uzun müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkətində fəaliyyət göstərib. Subay idi.

Elyəddin Cəfərov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətə davam edib.

Çalışdığı şirkətdən müvəqqəti möhlət alan Elyəddin Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naftalan şəhər üzrə Hərbi Komissarlığında könüllü qeydiyyatdan keçib. Beləliklə, 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Elyəddin Cəfərov könüllü olaraq yenidən hərbi xidmətə çağrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Elyəddin Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elyəddin Cəfərov 20 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Doğulduğu Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elyəddin Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Baxış sayı: 223