XƏBƏRLƏR
MƏLUMAT
Professional təhsilli ilk Azərbaycan bəstəkarı
ÜMÜMİ XƏBƏRLƏR
05/04/2021 01:13

Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı böyük bir həyat salnaməsi sayılır. Elə bir salnamə ki, onun hər səhifəsində professional təhsilli ilk Azərbaycan bəstəkarının əks etdirdiyi musiqi obrazları öz təravətini, reallığını, həyatiliyini bu gün də saxlayır.

İstedad heç bir zaman qocalmır. Əksinə, parlaqlığını özündə daim əks etdirir. Bu dünyadan vaxtsız köçən, cəmi 23 il yaşayan Asəf Zeynallı sənəti də minlərin, milyonların ürəkdən sevib, pərəstiş etdiyi böyük, müqəddəs sənət obyekti kimi daim yaşayır, parlayır.

Asəf Zeynallının musiqi sənətimizdə tarixi xidmətləri böyükdür. O, Azərbaycan Dövlət Konservatoriyasında professional təhsilli ilk Azərbaycan bəstəkarı sayılır. Görkəmli bəstəkar və ictimai xadim olan Asəf Zeynallı ilk milli romansların, fortepiano və skripka üçün miniatürlərin, həmçinin, ilk simfonik əsər nümunələrinin müəllifidir. O, qısa həyatı boyu Üzeyir Hacıbəyov ənənələrinə sadiq qalaraq müxtəlif janrlı əsərləri ilə professional musiqimizi daha da zənginləşdirib.

Asəf Zeynalabdın oğlu Zeynallı 1909-cu ildə aprelin 5-i Dərbənd şəhərində dünyaya göz açıb. 20-ci illərin əvvəllərində Zeynallının ailəsi Bakıya köçür. 1922-26-cı illərdə Bakı Musiqi Texnikumunda oxuyur, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr fakültəsinə daxil olur, sonra isə bəstəkarlıq fakültəsində təhsilini davam etdirir. Ü.Hacıbəyov, B.Karaqiçev, L.Y.Ab, L.P.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alan Asəf Zeynallı əsərlərinin çoxunu konservatoriyadakı təhsil illərində yazıb.

1927-ci illərin sonlarında Asəf Zeynallı Azərbaycan "Tənqid-təbliğ" teatrında işə başlayır. Teatrın musiqi hissəsinə müdir təyin olunan Asəf Zeynallı bir çox tamaşalara - C.Cabbarlının "Sevil", S.Rüstəm və H.Nəzərlinin "Yanğın", C.Xəndanın "Gizli əl", A.Yanovskinin "Qəzəb" və s. musiqi tərtibatı verib.

Asəf Zeynallının musiqi irsi çoxcəhətli idi. O, xalqın mənəvi zənginliyinin tərcümanı olan musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. Lakin Azərbaycan musiqi tarixində bəstəkar, milli romans janrının yaradıcısı kimi tanınaraq, özünəməxsus dəst-xətti ilə xüsusi olaraq diqqəti cəlb edir. Vətənpərvərlik romansı olan "Sərhədçi" ballada, vətən haqqında himn olan "Ölkəm" xoş-lirik monoloqu, "Çadra" lirik əhval-ruhiyyəli monoloqu, qəmli dramatik lirikanın obrazlarını təcəssüm etdirən "Sual", "Seyran" mahnı-romansları hesab olunur.

İlk milli fortepiano musiqi əsərlərinin meydana çıxmasında Asəf Zeynallının müstəsna xidməti olub. Məhz o, ilk dəfə milli folklor yaradıcılığından əməlli şəkildə istifadə edərək, klassik Avropa fortepiano musiqisinin səciyyəvi cəhətlərini birləşdirib. Bəstəkarın texniki cəhətdən o qədər də mürəkkəb olmayan "Çahargah" pyesində müxtəlif xarakterli epizodlar bir-birini əvəz edir.

Asəf Zeynallının "Uşaq süitası" yazıldığı vaxtdan musiqi məktəbi şagirdlərinin repertuarına daxil olub. Xalq musiqisinin xarakterik cizgilərini özündə əks etdirən parlaq obrazlı "Uşaq süitası"nda Avropa pyes süitalarının ənənəvi klassik forması öz təcəssümünü tapıb. "Çahargah" kimi, "Uşaq süitası" da milli musiqinin səciyyəvi xüsusiyyətlərini Avropa instrumental musiqi ənənələrinin tələbləri baxımından ümumiləşdirən əsər sayılır. Bu pyes musiqi sənətimizdə yeni fortepiano janrı kimi təzə bir səhifə açıb.

Asəf Zeynallı Azərbaycan musiqisinin təbliğinə də böyük diqqət yetirərək, 1931-ci ildə Moskva və Leninqradda (Sankt-Peterburqda) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər verir, Azərbaycan musiqisi haqqında məruzələrlə çıxış edib.

Asəf Zeynallı folklor nümunələrinin toplanıb, nota köçürülməsi və işlənməsi sahəsində böyük, faydalı iş aparıb, Azərbaycanın bir çox şəhər və kəndlərinə gedib, respublikanın ən uzaq guşələrinə səfərə çıxıb və bunların nəticəsində külli miqdarda mahnı nota yazıb. Bəstəkar "Bakı" adlı simfoniya yaratmaq və həmin simfoniyada nota köçürdüyü melodiyaların bəzilərindən istifadə etmək fikrində idi. Lakin vaxtsız ölüm bir çox arzuları kimi bu istəyini də gözündə qoyub.

Bir pedaqoq kimi də Asəf Zeynallının xidmətləri böyük hesab olunur. Belə ki, 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs deyib, "İbtidai not savadı" adlı dərslik tərtib edib. Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov kimi gənc bəstəkarlar ondan dərs alıblar.

Cəmi 23 il yaşamış bəstəkarın ürəyində həyata keçirə bilmədiyi neçə-neçə yaradıcılıq niyyətləri yarımçıq qalıb. Deyirlər, insan iki ömür yaşayır - sağlığında və öləndən sonra. Xalqının sənətkar oğlu kimi yaşayıb. Elə yaşayıb ki, öləndən sonra da ölməyib. Gözəl insani keyfiyyətləri, fitri istedadı, ürəkləri riqqətə gətirən musiqisi ilə qəlblərə ömürlük həkk olunub. Həmişə, hər an öyrənilməyə, nümunə göstərilməyə layiq irs qoyub gedib.

 

Baxış sayı: 457