XƏBƏRLƏR
MƏLUMAT
Saz ixtisası üzrə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
17/10/2025 15:21

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri davam edir.

8-18 oktyabr tarixlərini əhatə edən layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub.

Layihə çərçivəsində növbəti ustad dərsi oktyabrın 16-da Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində saz ixtisası üzrə təşkil olunub. Adıçəkilən təhsil ocağı və baş idarənin tabeliyindəki bir sıra məktəblərin müəllim və şagirdlərinin qatıldığı dərs Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevin iştirakı ilə gerçəkləşib.

Dərsdən öncə MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək Dədə Qorqud yadigarı sazın türk xalqlarının etnik-mədəni sistemindəki yerindən danışıb. O, həmçinin Azərbaycan aşıq sənətinin inkişaf yoluna qısa nəzər salıb.

Sonra Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli, Səid Rüstəmov adına 13 nömrəli və 37 nömrəli uşaq musiqi məktəbləri, o cümlədən Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri aşıq havaları və musiqi əsərlərini ifa ediblər.

Mübariz Əliyev şagirdlərin ifası ilə bağlı fikirlərini bölüşüb, öz tövsiyələrini verib.

Qeyd edək ki, tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edən layihə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.

Baxış sayı: 27