XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
17/10/2025 14:19

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumatlar əks olunub.

Materialda görkəmli şəxslərin müstəqillik haqqında söylədikləri dəyərli fikirlər, “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev yolunun davamçısı” kimi məqalələrin tam mətni, dövlət rəmzləri haqqında məlumatlar yer alıb. Həmçinin Azərbaycanın müstəqillik tarixindən, onun bərpası və mahiyyətindən bəhs edən 2017-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin təsviri, qısa məzmunu və elektron mənbələri istifadəçilərə təqdim olunub. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgidə bir sıra rəsmi sənədlərin, “Müstəqilliyimiz əbədidir” nəşrinin 38 cildi ilə yanaşı “Heydər Əliyev. Müstəqillik yolu”, “Müstəqillik yollarında: Liderlik missiyası” kimi kitabların, “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə”, “18 oktyabra aparan yol”, “Müstəqilliyimizin memarı” kimi məqalələrin tam mətni əks olunub.

Kitabxanada nümayiş olunan ənənəvi sərgidə müstəqillik və Zəfər tarixindən bəhs edən kitablar, dövri mətbuat nümunələri və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest sərgilənib.

Materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Baxış sayı: 13