XƏBƏRLƏR
MƏLUMAT
Balaban ixtisası üzrə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
14/10/2025 10:22

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də silsilə ustad dərslərinə başlanılıb.

Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub.

Oktyabrın 18-dək davam edəcək ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.

Layihə çərçivəsində oktyabrın 10-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində Azərbaycan Milli Konservatoriyasının müəllimi, tanınmış balaban ifaçısı, Əməkdar artist Şirzad Fətəliyevin iştirakı ilə ustad dərsi təşkil olunub. Dərsdə Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli, Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbləri və 4 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb. O, ən qədim milli musiqi alətlərimizdən olan balabanla bağlı ustad dərsinin dahi bəstəkarın ocağında təşkilinin rəmzi məna daşıdığını bildirib. “Üzeyir bəy musiqi yaradıcılığında Şərqlə Qərbin sənət ənənələrinin uğurlu sintezinə nail olub, əbədiyaşar əsərlər yadigar qoyub”, – deyə şöbə müdiri əlavə edib.

Sonra qeyd olunan təhsil ocaqlarından bir neçə şagirdin balabanda ifası dinlənilib. Ş.Fətəliyev balaban alətinin ifaçılıq imkanları barədə söhbət açıb, şagirdlərə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb.

Sənətkar həmçinin öz ifası ilə tədbir iştirakçılarının könlünü oxşayıb.

Xatırladaq ki, tanınmış mütəxəssislər tərəfindən aparılan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.

Baxış sayı: 28