XƏBƏRLƏR
MƏLUMAT
Xanəndəlik ixtisası üzrə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
15/10/2025 12:19

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə keçirilən ustad dərsləri davam edir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulan layihə tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edir.

Layihə çərçivəsində oktyabrın 14-də Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində xanəndəlik ixtisası üzrə ustad dərsi keçirilib. Dərsə adıçəkilən təhsil ocağı ilə bərabər, baş idarənin tabeliyindəki bir sıra məktəblərin müəllim və şagirdləri də qatılıblar.

Dərsin əvvəlində MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək bu qəbildən layihələrin uşaq və gənclərin müvafiq ixtisas üzrə bilik və bacarıqlarının inkişafına töhfə verdiyini bildirib.

Sonra xanəndə, Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist Təyyar Bayramovun iştirakı ilə ustad dərsi başlanıb. Müslüm Maqomayev adına 26 nömrəli, Georgi Şaroyev adına 35 nömrəli, 24 nömrəli onbirillik, həmçinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli və Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəblərinin şagirdləri muğam və mahnılar ifa ediblər.

Qeyd edək ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən silsilə ustad dərslərinə oktyabrın 18-də yekun vurulacaq.

Baxış sayı: 57