XƏBƏRLƏR
MƏLUMAT
Milli tikmə sənəti
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2021 02:46

Azərbaycan ailələrinin çoxunda ulu  nənələrdən yadigar qalan zərif tikmələrə rast gəlmək mümkündür. Bir zamanlar çox dəyərli sayılan bu nümunələr nəsildən-nəsilə keçərək günümüzədək gəlib çıxıb.

Dekorativ-tətbiqi incəsənətin bir növü olan  bədii tikmələrin tarixi çox qədimdir. Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir.

Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunur. Vaxtilə qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanan lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daş-qaşdan da geniş istifadə edilib.

Tikmə elə bir sənət növü olub ki, onunla həm sadə  camaat, həm də zəngin təbəqəyə məxsus insanlar məşğul olub. XIX əsrdə yaşayan  Azərbaycan şairəsi Xan qızı Natəvan gözəl şeirlərlə  yanaşı, zərif tikmələrin də müəllifidir.

IX-XI əsr ərəb müəlliflərinin və klassik şairlərin əsərlərində də Azərbaycan tikmələri barədə məlumat verilir. Orta əsr bədii tikmə sənətinin mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və başqa şəhərlərin adı çəkilir. XVI əsrdə Səfəvi şahları bunun üçün  xüsusi karxanalar yaradıblar. 

Azərbaycan bədii tikmələrində ən çox  qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, nar, heyva, alça çiçəkləri, sünbül, müxtəlif formalı yarpaqlar, bülbül, tovuz quşu, göyərçin, tutu quşu, şanapipik, sərçə, qırqovul, bildirçin, kəklik və digər motivlərə yer verilib.

XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini yavaş-yavaş itirir, güləbətin, pilək, zərənduz və digər tikmə növləri tədricən aradan çıxmağa başlayır. Buna baxmayaraq təkəlduz tikmə ənənələri davam edib.

Təkəlduz orta əsrlərdə Şəkidə geniş yayılıb və bu bu tikmə növündə naxışlar “gəzmə” və ya “doldurma” üsulu ilə salınıb. Təkəlduzçular əsasən yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahuddan istifadə edirdilər. 

Bu gün də Azərbaycanda bədii tikmə məktəbi qorunub saxlanılır. Sənətkarların  əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir.

Baxış sayı: 559