XƏBƏRLƏR
MƏLUMAT
Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
ÜMÜMİ XƏBƏRLƏR
15/07/2025 12:08

2003-cü ildə yaradılmış Berlinale Talents, dünyanın aparıcı 200 yeni və istedadlı kino rejissoru, serial yaradıcıları və kino sənayesinin əsas fiqurları üçün Berlin Beynəlxalq Film Festivalının istedadların inkişafına yönəlmiş proqramıdır. Bu proqram aşağıdakı hissələrdən ibarətdir: çıxışlar, müzakirələr, ustad dərsləri və saysız şəbəkələşmə tədbirlərini əhatə edən yaradıcı Zirvə Görüşü (Summit); inkişaf mərhələsində olan layihələrə sahib Berlinale Talents məzunları üçün Berlinale İstedadlar Proqramı (Berlinale Talents Lab), ortaq istehsal və ya maliyyə axtarışında olan prodüser məzunlar üçün İstedad layihələri marketi (Talent Project Market).

Berlinale Talents, sənayeyə ilk addımlarını atanlar üçün nəzərdə tutulmuş sadəcə bir məktəb deyil. Əksinə, iştirakçılar artıq sahədə fəaliyyət göstərən peşəkar şəxslərdir və layihənin ekspert və mentorları onlara bərabər səviyyədə yanaşırlar. İştirakçılar 6 gün ərzində yüzlərlə yeni ideya və çoxlu sayda özləri kimi düşünən insanlarla qarşılaşacaqlar.

AZƏRTAC Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadla xəbər verir ki, Berlinale Talents, artıq müəyyən iş təcrübəsinə malik və bu təcrübəsini başqaları ilə paylaşmağa hazır olan film və televiziya peşəkarlarına yönəlib. Proqrama uyğun olmaq üçün hər bir iştirakçı ən azı bir tammetrajlı film və ya iki qısametrajlı film və ya festivallarda nümayiş olunmuş, geniş şəkildə yayımlanmış yüksək keyfiyyətli dram serialı və ya televiziya filmi müəllifi olmalıdır.

Tələbələr yalnız çox istisna hallarda – məsələn, əvvəllər film sənayesində iş təcrübəsi olmuşdursa – qəbul olunurlar. Əgər bu meyarlara hələ uyğun deyilsinizsə, narahat olmayın – sadəcə gələcək buraxılışlar üçün müraciət edin! Əgər distribütor, satış agenti və ya marketinq üzrə mütəxəssis kimi müraciət edirsinizsə, ən azı iki tammetrajlı filmin yayımı və ya satışında iştirak etməlisiniz və ya kurator kimi kinoteatr və ya festivalın fəaliyyətinə bələd olmalısınız. Tənqidçi kimi müraciət edənlər isə film mövzusunda müntəzəm və peşəkar şəkildə məqalələr, müsahibələr və ya esselər dərc etməlidirlər.

Müraciət üçün son tarix sentyabrın 3-də başa çatır.

Müraciət barədə daha ətraflı məlumat almaq və müraciət linki üçün rəsmi sayt: https://www.berlinale-talents.de/bt/page/c/apply

 

Baxış sayı: 33