XƏBƏRLƏR
MƏLUMAT
Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropa oxucularına təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
18/07/2025 12:21

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının “Ömür kitabı” əsəri ingilis dilində Qərbi Balkan və Avropa oxucularına təqdim edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə və onun hüdudlarından kənarda böyük populyarlıq qazanmış əsər Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə paytaxt Sarayevonun çoxprofilli şirkətlərindən birinin - “Yavori Group”un tərkibinə daxil olan “Bookline” nəşriyyatında çapdan çıxıb.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, tanınmış ədəbiyyatşünas-alim Vilayət Quliyev kitaba kiçik müqəddimə yazıb. Vilayət Quliyev şair, nasir, publisist, tənqidçi və görkəmli ictimai xadim kimi şöhrət qazanmış Sabir Rüstəmxanlının zəngin ədəbi irsindən məhz bu əsərə müraciət olunmasını onun xalqımızın qədim tarixini, özünəməxsus mədəniyyətini, humanist mənəvi dəyərlərini, keçdiyi mübarizə və qəhrəmanlıq yolunu bədii-publisist dillə, tarixi qaynaqlar və şəxsi müşahidələr əsasında parlaq şəkildə əks etdirməsi ilə əlaqələndirib.

Səfirliyin təşəbbüsü ilə indiyədək işıq üzü görən digər nəşrlər kimi Sabir Rüstəmxanlının kitabı da kitabxanalara, ali məktəblərə, elm mərkəzlərinə, Sarayevoda akkreditə olunan diplomatik korpus nümayəndələrinə hədiyyə ediləcək, habelə Avropa ölkələrinin mühüm kitabxanalarına göndəriləcək.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

 

Baxış sayı: 30