XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” filmi “TRT 12 Punto” platformasının qalibi olub
ÜMÜMİ XƏBƏRLƏR
21/07/2025 14:42

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” bədii filmi nüfuzlu “TRT 12 Punto” film layihələri müsabiqəsinin qaliblərindən biri olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a bildirilib ki, layihə Türkiyənin dövlət kanalı TRT tərəfindən 2019-cu ildən etibarən təşkil edilən və ssenari inkişafı ilə beynəlxalq ortaq istehsal sahəsində fəaliyyət göstərən ən böyük platforma olan “TRT 12 Punto”nun qrantını qazanıb.

Ekran əsərinin ssenari müəllifi və rejissoru, eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Türkan Hüseyndir. Ssenarinin həmmüəllifi isə İsmayıl İmandır.

“Ölü Həsən” mistik realizm çalarları ilə zəngin olan dramatik bir hekayəni təqdim edir. Süjetə görə, səhvən ölü bilinən Həsən gözlərini açdıqda kənd əhalisi onun fövqəltəbii gücə sahib olduğuna inanır. Ardınca hadisələr mistik, dramatik və bəzən qara-yumor elementləri ilə dolu şəkildə Həsənin ətrafında inkişaf edir.

Filmdə Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli və digər tanınmış aktyorlar rol alıblar. Film Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), “Ultra Production”, Türkiyənin “Poetika Film” studiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai Televiziyanın müştərək layihəsi kimi istehsal olunur.

Ekran işinin prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov və Əli İsa Cabbarov, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssam Turan Yusifovadır.

Baxış sayı: 31