XƏBƏRLƏR
MƏLUMAT
“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab çapa hazırlanır
ÜMÜMİ XƏBƏRLƏR
21/07/2025 14:40

“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində yeni layihə üzərində iş uğurla davam etdirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab hazırlanması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a məlumat verən İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək olmaqdır. Onun sözlərinə görə, kitabda Qərbi Azərbaycanda və eləcə də digər bölgələrdə yaşayıb-yaratmış aşıqların poetik yaradıcılığından seçmələr yer alacaq: “Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlərdən ibarət kitab hazırlamaqla bu tarixi yurdlarımızın aşıqların sazında-sözündə yaşadığını diqqət önünə gətirməkdir”.

M.Nəbioğlu onu da qeyd edib ki, layihənin icra planına uyğun olaraq müvafiq işlər görülməkdədir. Artıq şeirləri kitaba daxil ediləcək müəlliflər müəyyənləşdirilib, mövzuya uyğun şeirlər seçilib. Bu müəlliflər arasında XVII əsrdə yaşamış Dərdli Nəsib, Ululu Kərim (XVIII-XIX əsrlər), Ağ Aşıq (1754-1860), Aşıq Alı (1801-1911), Aşıq Ələsgər (1821-1926) kimi böyük sənətkarlarla yanaşı, günümüzdə yaşayıb-yaradan ustad aşıqlar da var. Əslən Qərbi Azərbaycandan olan ustad aşıqlarla yanaşı, digər aşıq mühitlərini təmsil edən sənətkarların layihənin tələbinə uyğun gələn şeirlərinə də yer ayrılıb. Bu şeirlərdə əsasən ermənilərin Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı zaman-zaman törətdikləri vəhşiliklər, yaşatdıqları ağrı-acılar, dədə-baba yurdlarından didərginlik həyatı, müxtəlif dövrlərdə həyata keçirilmiş deportasiya və s. öz əksini tapıb.

Kitaba daxil edilən şeirlərdə, eyni zamanda, bir gün o torpaqlara qayıdacağımıza inam, sazın-sözün beşiyi olan Qərbi Azərbaycanımıza qayıdışa çağırış var. Qərbi Azərbaycana qayıdış konsepsiyasının mahiyyətində də elə bu qənaət durur.

Baxış sayı: 34