XƏBƏRLƏR
MƏLUMAT
“Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2025 11:54

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Teatral Akademiya” adlı yeni layihəyə start verilib. Layihə ölkədə fəaliyyət göstərən dövlət teatrları arasında təcrübə mübadiləsini təşviq etmək, yaradıcı kadr potensialını inkişaf etdirmək və gənc teatr mütəxəssislərinin formalaşmasına dəstək olmaq məqsədi daşıyır.

Layihə çərçivəsində regionlarda yerləşən teatr truppaları üçün müasir teatr texnikaları, səhnə hərəkəti, yeni metod və trendlərlə bağlı yay məktəbləri, ustad dərsləri, seminar və müzakirələr təşkil olunur. Təlimlərə təcrübəli pedaqoqlar və tanınmış teatr mütəxəssisləri cəlb edilir.

“Teatral Akademiya”nın ilk mərhələsi Lənkəran Dövlət Dram Teatrında yay məktəbi ilə başlayıb. Təlimlərdə Əməkdar artistlər – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnə ustası Nofəl Vəliyev və Azərbaycan Dövlət Pantomim Teatrının aktyoru Bəhruz Əhmədli iştirak ediblər.

Hazırda layihənin növbəti mərhələsi Şəki Dövlət Dram Teatrında davam edir. Burada təlimləri Prezident mükafatçısı, rejissor Ceyhun Dadaşov aparır. Layihənin yaxın mərhələsində isə Gəncə Dövlət Milli Dram Teatrında ustad dərslərinin keçirilməsi planlaşdırılır.

“Teatral Akademiya” layihəsi region teatrlarının potensialını gücləndirmək, yaradıcı mühitin inkişafına töhfə vermək və mədəniyyət sahəsində islahatlara dəstək məqsədi daşıyır.

Baxış sayı: 32