XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında professor Xəlil Yusiflinin xatirəsi yad edilib
ÜMÜMİ XƏBƏRLƏR
17/07/2025 14:14

Bu gün filologiya üzrə elmlər doktoru, professor, Nizami Gəncəvi ədəbi irsinin tədqiqatçısı, Əməkdar elm xadimi Xəlil Yusiflinin anadan olmasının 90-cı ildönümü tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin çox dəyərli ədəbi tədqiqat əsərlərini gənc nəsil istifadəçilər arasında təbliğ etmək məqsədilə “Klassik ədəbiyyatşünaslığımızın korifeyi” adlı məlumat bülleteni və videomaterial hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, hazırlanan vəsaitdə Xəlil Yusiflinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Teymur Kərimlinin “Klassik ədəbiyyatşünaslığımızın korifeyi” və filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nəsillərin bəhrələndiyi elm ümmanı” adlı məqalələrin tam mətni yer alır. Məlumat bülletenində Xəlil Yusiflinin müəllifi olduğu əsərlərin, tərtib etdiyi, “Ön söz” yazdığı, redaktə və tərcümə etdiyi, çapa məsul olduğu kitabların, yazıçının dövri mətbuatda dərc edilən yazılarının siyahısı təqdim edilir.

Kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3% BClleteni yerləşdirilən vəsaitdə alimin “Dünya ədəbiyyatı tarixi. Antik dövr”, “Nizami və Şərq intibahı”, “Nizami Gəncəvinin şəcərə tarixi”, “Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri”, “Məhcur Şirvani yeni təfəkkür işığında” kimi 50-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası yer alır.

“Alim Xəlil Yusifli 90” adlı videomaterialda görkəmli alimin zəngin elmi fəaliyyəti haqqında məlumat verilir. Materialda qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri olan Xəlil Yusiflinin elmi fəaliyyətinin əsas hissəsinin nizamişünaslığa həsr olunduğu diqqətə çatdırılır, onun çoxsaylı elmi məqalələri, “Nizaminin lirikası”, “Şərqdə intibah və Nizami Gəncəvi” adlı monoqrafiyaları bu məhsuldar əməyin mükəmməl nəticəsi olduğu bildirilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xəlil Yusiflinin müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və video görüntüləri də sərgilənir.

“Alim Xəlil Yusifli 90” adlı videomaterial kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/xelil-yusifli-90 yerləşdirilib.

Baxış sayı: 66