XƏBƏRLƏR
MƏLUMAT
"Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda təlim təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2025 10:43

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 21-də "Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda təlim keçirilib.

22 iyul – Milli Mətbuat Günü münasibətilə reallaşan təlimdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin media və kommunikasiya üzrə məsul əməkdaşları iştirak ediblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova tərəfindən aparılan təlimdə alim mədəniyyət və kommunikasiya məfhumları ilə bağlı fikirlərini bölüşüb. O bu sahədə müasir beynəlxalq təcrübədən danışıb, əsas tendensiyaları konkret faktlarla diqqətə çatdırıb.

Təlim gedişində media ilə ünsiyyət, rəqəmsal kommunikasiya strategiyaları və s. anlayışlar barədə də söhbət açılıb, qeyd olunan sahə üzrə fəaliyyət göstərən əməkdaşların diqqət yetirməli olduğu məqamlar vurğulanıb.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova təlimin əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, informasiya cəmiyyətində mədəniyyət müəssisələrinin fəaliyyətinə dair mətbu məhsul hazırlanarkən çağdaş oxucunun tələbatı ilə yanaşı, aidiyyəti qurumun və ümumiyyətlə, dövlətin mədəniyyət siyasəti də nəzərə alınmalıdır.

Sonra tədbir çay süfrəsi ətrafında davam edib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Baxış sayı: 39