XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Poeziya Günlərinin yolu Ağdamdan da keçdi
ÜMÜMİ XƏBƏRLƏR
17/07/2025 09:28

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Qazax (14 iyul) və Gəncədən (15 iyul) sonra iyulun 16-da Ağdamda davam edib.

Ağdam Muğam Mərkəzində AYB-nin katibi İlqar Fəhminin aparıcılığı ilə musiqili poeziya axşamı ədəbiyyat və mədəniyyət həvəskarları bir araya toplayıb.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə çıxış edərək Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada əsası qoyulan Vaqif Poeziya Günlərinin əhəmiyyətindən söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən sonra 2021-ci ildə mədəniyyət paytaxtımız Şuşada Vaqif Poeziya Günləri bərpa olundu və artıq beşinci ildir azad Qarabağda söz-sənət bayramı keçirilir: "Biz Azərbaycan tarixinin ən gözəl anlarına şahidlik edirik. İyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürən Vaqif Poeziya Günləri iyulun 15-də Nizami yurdu Gəncə şəhərində, bu gün isə Ağdamda davam edir. Bu gün biz 30 il həsrətində olduğumuz bir yurdda möhtəşəm tədbirin işığına toplaşmışıq”.

Filologiya üzrə fəlsəfə doktoru Sabir Məmmədov, şair-publisist Yusif Millətoğlu, şairlər Nadir Qədimli və Zahid Avşar Molla Pənah Vaqifin yaradıcılığından danışıb, şeirlər söyləyiblər.

Ağdam Musiqi Kolleci müəllimlərinin iştirakı ilə musiqi nömrələri təqdim edilib.

Vaqif Poeziya Günlərinin yekun mərhələsi 22-23 iyulda Şuşa şəhərində təşkil olunacaq.

Baxış sayı: 48