XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/07/2025 09:44

Tanınmış yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı bu günlərdə Serbiyada çap olunub.

AZƏRTAC xəbər verir ki, Belqraddakı nüfuzlu “Alma” nəşriyyatında çap olunan romanı serb dilinə Semra Bayats və Susana Byelitsa çeviriblər.

Nəşriyyatın Asiya Ədəbiyyatı Kitabxanası seriyası ilə yayımladığı kitabın redaktoru Diana Javanoviçdir. Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın Xalq Kitabxanalarının ortaq layihəsi əsasında işıq üzü görüb. 

Vaqif Sultanlının nəsr yaradıcılığında xüsusi yer tutan, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə dönən qəhrəmanın taleyi fonunda aşkarlanır. Romanda bəşəriyyətin keçib gəldiyi tarixin ənənəvi səpkidə deyil, tərs müstəvidə təqdim olunması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini bütün yönlərilə canlandırmağa imkan vermişdir.

“Səhra savaşı” romanı ədalətsizliyin yaşanılmaz hala gətirdiyi çağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, mənasızlaşma, gərəksizləşmə kimi sosial və mənəvi-əxlaqi problemlərə kəskin etiraz ruhu ilə seçilməkdədr. 

Süjet xətti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan, bədii konflikti insanla zaman arasında cərəyan edən romanın baş qəhrəmanı kimi canlandırılmış Qoca obrazının timsalında hadisələrə işıq tutulması mətnin estetik özəlliyini şərtləndirir.

Əsərdə yer üzündə gündən-günə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın real mahiyyətini aşkarlamağa yönəlmiş suallara aydınlıq gətirilməsinə çalışılır.

İlk dəfə 2013-cü ildə Azərbaycan oxucularına təqdim olunan roman indiyədək dünyanın bir sıra dillərinə tərcümə olunub, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayımlanıb, haqqında müxtəlif səpkili araşdırmalar aparılıb.

 

Baxış sayı: 44