XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Milli Mətbuat Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2025 14:35

Respublika Gənclər Kitabxanasında Milli Mətbuat Günü münasibətilə silsilə materiallar - virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulmasına, müasir dövrdə informasiya texnologiyalarının inkişafının Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirməsinə təkan verən rəsmi sənədlərin, Azərbaycan mətbuatının keçdiyi mürəkkəb, şərəfli inkişaf yolundan və milli jurnalistikanın özəlliklərindən bəhs edən bir sıra kitabların tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə “Azərbaycan qəzeti I-X cild”, “Azərbaycan mətbuat tarixi”, “Cənubi Azərbaycan mətbuatı tarixi”, “Molla Nəsrəddin jurnalı və Gəncə ədəbi mühiti”, “Mətbuat tarixi və publisistika məsələləri” kimi 30-dan çox kitabın tam mətni yer alır. Bundan əlavə istifadəçilər virtual kitab sərgi vasitəsilə “Xalq qəzeti”, “525-ci qəzet”, “Səs”, “İki sahil” kimi mətbu orqanlarda və internet portallarında yerləşdirilən “AXC dövrünün demokratik mətbuatı milli jurnalistikamızın öyünclü mərhələsidir”, “Azərbaycan tarixinin bir əsrlik mətbu salnaməsi”, “Milli mətbuat tariximiz: iki "Yoldaş"a bir nəzər”, “Prezidentdən Azərbaycan mətbuatının inkişafına daha bir töhfə” kimi məqalələrin tam mətnindən də yararlana bilərlər.

Kitabxanada təşkil edilən ənənəvi kitab sərgisində fondda mövcud olan və Azərbaycan mətbuatının tarixindən, inkişaf mərhələlərindən bəhs edən 60-dan çox kitab və “Milli oyanış və tərəqqimizin “Əkinçi”si: Azərbaycan Milli Mətbuatı - 150” adlı biblioqrafik icmal sərgilənir.

Milli Mətbuat Günü ilə əlaqədar hazırlanan material kitabxananın rəsmi saytında yerləşdirilib.

 

Baxış sayı: 30