XƏBƏRLƏR
MƏLUMAT
Britaniya Parlamentində Xocalı qurbanlarına və müharibədən zərər çəkən uşaqlara həsr olunmuş sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2025 09:21

Böyük Britaniya Parlamentinin Aşağı Palatasında Xocalı qurbanlarının və ümumilikdə müharibələrdən əziyyət çəkən uşaqların xatirəsinə həsr olunmuş rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Müharibə uşağı” adlı sərgidə müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan uşaqların təqdim etdiyi rəsmlər nümayiş olunub. Sərgi Xocalı faciəsinin ildönümü ilə əlaqədar keçirilən beynəlxalq rəsm müsabiqəsi çərçivəsində təşkil olunub və ziyarətçiləri müharibələrin arxasındakı insan hekayələrinə, xüsusilə də uşaqların yaşadığı ağrılara diqqət yetirməyə çağırıb.

Sərginin təşkilatçılarından biri olan Nərminə Məmmədova qeyd edib ki, layihənin əsas məqsədi müharibə nəticəsində əziyyət çəkən uşaqlara səs vermək və onların hisslərini incəsənət vasitəsilə çatdırmaqdır. Rəsmlərdə hüzn, güc və ümid kimi emosiyalar əks olunub.

Tədbirdə müasir dünyada davam edən müharibə fonunda uşaqların hələ də evsiz qalması, valideynlərini itirməsi və zorakılığa məruz qalması vurğulanıb. Belə təşəbbüslər beynəlxalq ictimaiyyəti bu reallıqlara biganə qalmamağa çağırır.

Qeyd edək ki, müsabiqə ilk dəfə 2022-ci ildə Xocalı faciəsinin 30-cu ildönümündə elan olunub və bu günə qədər 40 məktəbdən 700-dən çox uşaq iştirak edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Baxış sayı: 25