XƏBƏRLƏR
MƏLUMAT
“Konstitusiya və Suverenlik İli 2025” adlı elektron bazası istifadəçilərə təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
21/07/2025 12:11

Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli 2025” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bazada “Rəsmi sənədlər”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Müstəqillik Bəyannaməsi” kimi keçidlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Azərbaycanda demokratik inkişafın tarixi təntənəsi”, professor Ziyafət Əsgərovun “Azərbaycan konstitusion və suveren dövlətdir”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyevin “Milli kimlik vicdan azadlığı kontekstində” kimi məqalələrin tam mətni də yer alıb.

Elektron bazada Ulu Öndər Heydər Əliyevin 1995-1996-cı illərdə konstitusiya layihəsinin müzakirəsi zamanı səsləndirdiyi tarixi çıxışların tam mətni, “Konstitusiya və suverenlik anlayışları və hüquqi əsasları” və “Vətən müharibəsi və ərazi bütövlüyümüzün təmin olunması” başlığı altında dəyərli məlumatlar, 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərin xronologiyası və məzmunu da təqdim edilib. Materialda bu ilə dair Azərbaycan və rus dillərdə nəşr edilən kitabların, dövri mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahıları, “Virtual sərgi” və “Videoqalereya” bölmələri də mövcuddur.

 

Baxış sayı: 35