XƏBƏRLƏR
MƏLUMAT
Şəhid xatirəsinə ithaf edilən “Azad” romanı işıq üzü görüb
ÜMÜMİ XƏBƏRLƏR
17/07/2025 11:29

Gənc və istedadlı yazar Təhminə Rafiqqızı yenidən oxucuların görüşünə gəlib. Müəllifin gerçək hadisələrə əsaslanan növbəti kitabı “Azad” adlanır.

AZƏRTAC xəbər verir ki, müəllif bu romanı Vətən uğrunda canından keçmiş şəhid Azad Abbasovun əziz xatirəsinə ithaf dib.

Roman həm emosional gücü, həm də vətənpərvərlik ruhunu əks etdirməsi baxımından oxucuların yaddaşında dərin iz buraxacaq. Əsərdə Azərbaycanın şanlı mübarizəsi fonunda bir qəhrəmanın həyatı təsirli şəkildə qələmə alınıb.

“Gənclik” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın redaktoru Süleyman Qaradağlı, “Ön söz” müəllifi isə Əlirza Xələflidir.

Qeyd edək ki, Təhminə Rafiqqızı (Verdiyeva) 1990-cı ildə Laçın rayonunda anadan olub, 2008-ci ildə Sumqayıtda orta məktəbi, 2013-cü ildə Bakı Slavyan Universitetinin “Tərcümə” fakültəsini bitirib. Daha sonra həmin universitetdə jurnalistika üzrə magistr təhsili alıb. 2016-cı ildən Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) müxbir kimi fəaliyyət göstərən müəllif, həmçinin bir çox esse və şeir müsabiqələrinin qalibidir. Tədqiqat məqalələri beynəlxalq jurnallarda, o cümlədən nüfuzlu nəşrlərdə dərc olunub. Türkiyədə keçirilən ədəbi müsabiqələrdə mükafatlara layiq görülüb. Əsərləri müxtəlif ədəbi portallarda, qəzetlərdə və jurnallarda yayımlanıb.

Bu roman müəllifin ikinci kitabıdır və ədəbi yaradıcılığında yeni bir zirvənin müjdəçisidir. Müəllifin “Sevgimin səsi” adlı ilk şeirlər kitabı bu ilin fevralında işıq üzü görüb.

Baxış sayı: 43