XƏBƏRLƏR
MƏLUMAT
“Vaqif Poeziya Günləri” davam edir
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2025 09:19

“Vaqif Poeziya Günləri” iyulun 15-də öz yolunu Gəncə şəhərində davam etdirdi. Qazaxdan başlanan poeziya marafonu bu dəfə qədim Gəncənin mədəni mühitində yeni nəfəs aldı, söz və sənət dostlarını bir araya gətirdi.

Günün ilk yarısında şəhərin poeziyasevərləri üçün Mir Cəlal Paşayevin Ev Muzeyində “Poeziya saatı” təşkil olundu. Tədbirdə tanınmış yazıçılar, şair və şairələr çıxış edərək, poeziyanın insan qəlbinə necə toxunduğunu bir daha nümayiş etdirdilər.

Tədbir iştirakçıları bu anlarda bir daha hiss etdilər ki, poeziya yalnız kağız üzərində qalan misralar deyil – o, insan ruhunu birləşdirən, tarixi və bugünü vəhdətə gətirən canlı bir körpüdür.

Günün ikinci yarısı isə Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə baş tutan konsert proqramı poeziya bayramına xüsusi rəng qatdı.

“Vaqif Poeziya Günləri” bir daha sübut etdi ki, söz və sənət hələ də insan ruhunun ən gözəl ifadə vasitəsidir. Gəncədə keçirilən bu mərhələ, eyni zamanda poeziyanın şəhərin mədəni həyatında necə önəmli yer tutduğunu göstərdi.

Poeziya bayramı növbəti günlərdə Ağdam və Şuşa şəhərlərində davam edəcək.

Baxış sayı: 27