XƏBƏRLƏR
MƏLUMAT
“YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2025 09:15

İyulun 15-də “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub.

AZƏRTAC xəbər verir ki, layihə Xəzər dənizinin sürətlə azalan su səviyyələri fonunda bədənin bu ərazi ilə fiziki və simvolik qarşılıqlı əlaqəsini araşdırır.

Performans həftəsinin ilk günü Mənsurə Məmmədəliyevanın kuratorluğu ilə Ramil Əliyevin “Suya sudan deyilənlər” adlı canlı performansı, Dərya Səfərovanın “Duzlu su” adlı performansı - videosənədləşmə, Lena Pozdnyakova və Eldar Tağıyevin “Geri çəkilən dalğanın daşıdığı”, Qaini Saqidullayeva-Abayın “Buzsuz üfüqlər, Ceyran Musayevanın “Xəzərin hissləri” adlı interaktiv instalyasiyaları, Səid Rzayev ilə “Sözlərlə rəsm” adlı ustad dərsi keçirilib.

“YARAT” Müasir İncəsənət Məkanının direktoru Fərəh Ələkbərli AZƏRTAC-a açıqlamasında söyləyib ki, tədbir müasir incəsənətin önəmli istiqaməti olan performans sənətinə həsr olunub. Onun sözlərinə görə, performans sənəti mütəmadi olaraq müxtəlif sərgilərdə bədii element kimi istifadə olunur.

“Bu dəfə isə komanda olaraq qərara gəldik ki, bu sahəyə daha geniş diqqət ayıraq və tədbiri festival formatında təşkil edək. Məqsədimiz performans sənəti istiqamətində fəaliyyət göstərmək istəyən gənc istedadları aşkarlamaq, onları bir araya gətirmək və bu sahədə inkişaf üçün imkanlar yaratmaqdır. Layihədə həm yerli, həm də xarici rəssamlar iştirak edəcəklər. Onlar ustad dərsləri, mühazirələr və diskussiyalar vasitəsilə öz təcrübələrini bölüşəcəklər. Performans həftəsi iyulun 19-dək davam edəcək”, - deyə F.Ələkbərli əlavə edib.

Performans həftəsinin kuratoru Anna Fex qeyd edib ki, layihə çərçivəsində 11 təqdimatın nümayişi nəzərdə tutulub. Bütün performansların Xəzər dənizi ilə insan bədəni arasındakı münasibətlərə həsr olunduğunu diqqətə çatdıran kurator deyib: “Bu konsepsiya amerikalı alim Steysi Alaimonun “transkorporeallıq” adlandırdığı nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyəyə görə, insan orqanizmi ətraf mühitlə ayrılmaz şəkildə bağlıdır. Havada və suda olan maddələr, xüsusilə toksinlər bədənə daxil olur və onun bir hissəsinə çevrilir. Alaimo, eyni zamanda, su kimi təbii elementləri canlı varlıq kimi qəbul edir və onların gündəlik həyatımıza təsir göstərdiyini vurğulayır. Bu ideya incəsənətdə və poeziyada da tez-tez işlənir. Xalq şairi Rəsul Rzanın Xəzər dənizinə həsr etdiyi şeirlərdə bu yanaşmanı müşahidə etmək mümkündür. Şair Xəzəri danışan varlıq kimi təqdim edir və onu insanın daxili hisslərinin aynası kimi təsvir edir. Performans proqramında sənətçilərin bəziləri mifoloji və nağılvari elementlərdən istifadə edirlər. Digərləri sənaye landşaftının təkcə təbiətə deyil, insan bədəninə göstərdiyi təsiri araşdırırlar”.

Proqramda müasir texnologiyalara həsr olunmuş performanslar da yer alıb. “Süni intellektin ətraf mühitlə münasibətləri necə dəyişə biləcəyi mövzu kimi işlənir. Bu kontekstdə sənətçilərdən biri performansını “ChatGPT” proqramı vasitəsilə təqdim edir. Bu performansda “ChatGPT” Xəzər dənizinin səsi olacaq, ətraf mühit problemlərindən və onların insan həyatına təsirindən danışacaq. Beləliklə, süni intellekt Xəzərin simvolik obrazına çevriləcək. Ən maraqlısı isə odur ki, bu cür performansların nəticəsi əvvəlcədən məlum deyil. Hər şey canlı olaraq formalaşır və bu da təqdimatlara qeyri-müəyyənlik və yenilik qatır. Həftənin sonunda bütün performansların videoyazıları böyük ekranda nümayiş etdiriləcək. Beləliklə, həftə ərzində tədbirlərə qatıla bilməyən tamaşaçılar həmin gün bütün təqdimatları izləyə biləcəklər. Eyni zamanda, sənətçilərlə açıq müzakirələr – “artist talk” formatında görüşlər də reallaşacaq. Bu, festivalın təsirli və yaddaqalan finalı olacaq”, - deyə Anna Fex əlavə edib.

 

Baxış sayı: 30