XƏBƏRLƏR
MƏLUMAT
Kamal Abdullanın “Laokoon… Laokoon” romanı Almaniyada nəşr olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/06/2022 03:24

Xalq yazıçısı Kamal Abdullanın “Laokoon… Laokoon” romanı Almaniyada nəşr olunub.

Bu barədə AZƏRTAC-a kitabın redaktoru, Almaniyada yaşayan yazıçı-tərcüməçi Orxan Aras məlumat verib. O bildirib ki, romanı alman dilinə türkoloq Karl Hermann Keyhlin tərcümə edib.

Almaniyanın “Pem” nəşriyyatı tərəfindən çap olunan kitab “Amazon” və “Thalia” kimi böyük internet satış saytlarında oxuculara belə təqdim edilib: “Laokoon və ya roman kimi roman. Alman oxucuları ustad yazıçı Kamal Abdullanı “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” əsərlərindən tanıyırlar. Bu əsərdə o, oxucuları indiki vaxtdan götürərək mifoloji səyahətə aparır. Romanda keşiş Laokoon troyalılar tərəfindən ciddi qəbul edilmədiyi üçün onların müharibədəki məğlubiyyəti bu günə qədər gətirilir. Vaqifin sevgilisi Firəngiz isə az qala Dədə Qorqud dastanının qəhrəmanı Banuçiçəklə eyni aqibəti yaşayacaq. Əsrlərin süzgəcindən keçmiş sevgi, qısqanclıq və nifrət hisslərinin paralelləri romanda ustalıqla işlənib. Əsərləri rus, türk, ingilis, italyan, yapon, fransız, ispan, polyak, portuqal, və s. dillərdə nəşr olunan ustad yazıçı Kamal Abdulla son romanı ilə oxucuların rəğbətini qazanıb”.

Baxış sayı: 207