XƏBƏRLƏR
MƏLUMAT
Ən yaxşılar onlar oldu
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2021 05:16

78-ci Venesiya Film Festivalı başa çatıb. Festivalın əsas mükafatları bağlanış gecəsində öz sahiblərinə təqdim olunub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ən yaxşı ssenari mükafatına bu il rejissorluq debütünü "İtirilmiş qızı" filmi ilə edən aktrisa Meqqi Cillenhol layiq görülüb.

Pedro Almodovarın yeni "Paralel analar" filmində rol alan Penelopa Kruz isə ən yaxşı aktrisa seçilib. Aktrisanı ilk təbrik edən əri, aktyor Xaviyer Bardem olub.

Ən yaxşı kişi rolu üçün "Volpi kuboku" "İşdə: İtkinlər 8" adlı filmdə rol alan Con Arsillaya verilib. Aktyorun özü mərasimdə iştirak etmədiyinə görə mükafat filmin rejissoru Erik Mattiyə təqdim olunub.

"Marcello Mastroianni" mükafatı Paolo Sorrentinonun "Tanrının əli" filmində baş rolu oynayan gənc aktyor Filippo Skottiyə verilib. Lent festival münsiflərinin baş mükafatını da qazanıb.

Münsiflərin xüsusi mükafatı Mikalencelo Frammartinonun "Dəlik" filminə verilib. Filmdə peşəkar aktyorlar, pərdəarxası musiqi və dialoqlar yoxdur.

Ən yaxşı rejissor nominasiyası üçün "Gümüş Şir" Benedikt Kamberbetç və Kirsten Danstın rol aldığı "Qərbi köpəyin hökmranlığı"na görə Ceyn Kempiona təqdim olunub.

Festivalın əsas mükafatı olan "Qızıl Şir" 1963-cü ildə Fransada baş verən və istedadlı bir insanın hekayəsindən bəhs edən "Hadisə" (L'Evénement) filmi üçün fransalı rejissor Odri Divana təqdim edilib.

Baxış sayı: 80