XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2020 03:09

Azərbaycan mədəniyyətinə itki üz verib. Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin keçmiş müəllimi, Əməkdar rəssam Faiq Abdullayev 2020-ci il 28 oktyabr tarixində, 75 yaşında vəfat edib.

Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 23 saylı orta məktəbi bitirib. Təsviri sənət üzrə ilk ixtisas təhsilini Gəncə şəhər Uşaq rəssamlıq məktəbində alıb. 1963-1968-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. 1969-1976-cı illərdə V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbində sənaye incəsənəti ixtisası üzrə təhsil alıb.

1985-1986-ci illərdə Məhsəti Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunda rəsm müəllimi, 1986-1991-ci illərdə Gəncə şəhər Arxitektura və inşaat şöbəsində rəssam, Gəncə şəhər Uşaq rəssamlıq məktəbində direktor (1996-1997) vəzifəsində çalışıb. 1997-1998-ci illərdə Gəncə şəhər Tərtibat, reklam və dizayn şöbəsində rəssam işləyib.

Faiq Abdullayev 1998-1999-cu illərdə Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz” bədii yaradıcılıq istehsalat mərkəzində rəssam kimi fəaliyyət göstərib. O, həmçinin 1999-2011-ci illərdə Gəncə şəhər Uşaq rəssamlıq məktəbində müəllim kimi çalışıb.

Rəssamın Bakı (1995), Şəmkir (2015) və Gəncə (2015) şəhərlərində sərgiləri təşkil olunub. Fırça ustasının 2003-cü ildə Ukraynanın Odessa şəhərində sərgisi keçirilib. 

Ölkəmizin və Ukraynanın fəxri fərmanlarını alana layiq görülən Faiq Abdullayev 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar rəssam” fəxri adını alıb. 

Tanınmış rəssam Faiq Abdullayevin əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində əbədi yaşayacaqdır. 

Allah rəhmət eləsin!

Baxış sayı: 168