XƏBƏRLƏR
MƏLUMAT
Bu gün aktyor Firudin Mehdiyevin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/02/2023 00:09

Firudin Mehdi oğlu Mehdiyev 31 dekabr 1927-ci ildə Xızı rayonu, Quba qəzasında anadan olub. 

Aktyor yaradıcılığa Azərbaycan Dövlət Akademik Musiqili Teatrda başlayıb, İrili-xırdalı obrazlar yaradıb, eyni zamanda Lütfəli Abdullayevin dublyoru olub. O, tamaşaya çıxmayanda, Firudin müəllim onun rollarını ifa edib.

Firudin Mehdiyev Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrının bünövrəsini qoyanlardandır. Teatrın səhnəsində Fikrət Əmirovun “Gözün aydın” tamaşasına quruluş veriləndə, onun musiqi duyumuna heyran qalan bəstəkar onun mütləq musiqi təhsili almasını tövsiyə edir.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə Konservatoriyada ölməz Bülbülün sinfində oxuyan Firudin Mehdiyev, təhsilini başa vuran kimi 1957-ci ildən opera teatrında işləyib.

Firudin Mehdiyevin əsas rolları Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), Kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi") olub.

Firudin Mehdiyevin Opera Teatrında şah əsərlərindən biri də Ramiz Mustafayevin "Vaqif" operasında Qacar rolu sayılır.

Firudin Mehdiyev uzun illər Konservatoriyada dərs deyib, Azərbaycan musiqisində iz qoyacaq, xalq artisti, əməkdar artist olacaq tələbələr yetişdirib. Bu tələbələr sırasında Mobil Əhmədov, Yaşar Səfərov, Adil Məlikov, Anatollu Qəniyev, Lütfiyar İmanov, Elmira Rəhimova, Oqtay Ağayev və digərlərinin adını çəkmək olar.

Görkəmli aktyor 5 operetta, 9 oratoriya, operalar, vokal simfonik poemalar, simfoniyalar, mahnı və romanslar bəstələyib. Böyük bir sislilə librettolar müəllifi idi.

Sənətkar "Əməkdə fərqlənməyə görə" medalına, "Azərbaycan SSR Əməkdar artisti" fəxri adına layiq görülüb.

Aktyor Firudin Mehdiyev 1 fevral 2006-cı ildə Bakı şəhərində vəfat edib.

Baxış sayı: 938